2 C
Baku
Sunday, December 15, 2024

Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib

Bu ilin yanvar-fevral aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 10 min 472 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 5 min 441 nəfəri və ya 52 faizi Azərbaycan, 5 min 31 nəfəri və ya 48 faizi xarici ölkə vətəndaşı olub.

Bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, yanvar-fevral aylarında Qəbələnin otel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 413 nəfər və ya 4,1 faiz artıb. İki ayda yerli turistlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 487 nəfər və ya 8,2 faiz azalsa da, əcnəbi turistlərin sayında 900 nəfərədək və ya 21,8 faiz artım qeydə alınıb.

İdarədən verilən məlumata görə, cari ilin yanvar-fevral aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları əvvəlki aylarda olduğu kimi, yenə də üstünlük təşkil edib. Belə ki, iki ayda bu ölkənin 1288 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, yanvar-fevral aylarında Qəbələyə Səudiyyə Ərəbistanından 889, Birləşmiş Ərəb Əmirliklərindən 797, Küveytdən 431, Rusiyadan 220, Pakistandan 217, Omandan 146, Bəhreyndən 131, Qətərdən 106, Türkiyədən isə 48 turist səfər edib. Bundan əlavə, həmin müddətdə Qəbələyə digər ölkələrdən də müəyyən sayda əcnəbi turist gəlib.

İki ayda Qəbələ rayonu ərazisində yerləşən 18 mehmanxana və mehmanxana tipli müəssisədən 15-i fəaliyyət göstərib. Bir gün qalmaq üçün orta qiymət 109 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub. Müddət ərzində turizm obyektlərində 892 işçi çalışıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər