12 C
Baku
Friday, March 29, 2024

Qərbi Balkan ölkələri enerji sahəsində əməkdaşlığı genişləndirir

“Açıq Balkan” təşəbbüsünə (“Open Balkan”) qoşulan ölkələrin rəhbərləri enerji böhranı və bərpaolunan enerji mənbələrinə investisiyaları müzakirə ediblər.

Belqradda keçirilən enerji sammitində Serbiya Prezidenti Aleksandr Vuçiç, Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski, Monteneqronun Baş naziri Dritan Abazoviç, Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Zoran Teqeltiya və Albaniyanın Baş naziri Edi Rama iştirak ediblər.

A.Vuçiç bildirib ki, ölkələr regionda birgə bazar yaratmağa doğru irəliləyir. Bəzi ölkələrdə qışda, bəzilərində isə yayda tələbatdan artıq elektrik enerjisi olur. Bəzi ölkələrin kifayət qədər təbii qaz ehtiyatı olduğu halda, bəziləri hələ yeni qaz kəmərləri çəkir. Beləliklə, bir-birimizə kömək etməyə çalışırıq, çünki bütün ölkələrin hər resursa sahib olmaq imkanı yoxdur.

Şimali Makedoniyanın Baş naziri D.Kovaçevski Qərbi Balkan ölkələrinin yaşıl enerji potensialından istifadə edə biləcəyini vurğulayıb. Regionun yaşıl enerji istehsalı mərkəzi kimi inkişafının mümkünlüyünü qeyd edib.

Monteneqronun Baş naziri D.Abazoviç region ölkələrinin enerji sahəsində Norveç başda olmaqla Skandinaviya ölkələrinin təcrübəsindən yararlanmağa açıq olduğunu və məqsədin yeni enerji obyektləri inşa etmək olduğunu bildirib.

Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Z.Teqeltiya isə deyib ki, ölkəsi istehlak etdiyindən daha çox elektrik enerjisi istehsal edən ölkədir.

Albaniyanın Baş naziri E.Rama Qərbi Balkan ölkələrinin enerji və bu sahəyə investisiyalara daha asan çıxış əldə etməsi üçün regional bazar yaradılmasına ümid etdiyini bildirib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər