10 C
Baku
Thursday, December 12, 2024

Qətərin enerji gəlirləri Rusiya embarqosu ilə zirvəyə çatacaq

Dünya çempionatına ev sahibliyi edəcək olan Qətər həm iqtisadiyyat, həm də reputasiya baxımından mühüm uğur qazansa da, ekspertlər əsl mükafatın Ukrayna müharibəsindən sonra Avropa ölkələrinin təbii qaz marağı olduğuna diqqət çəkirlər.

Ukrayna müharibəsi səbəbiylə artan neft qiymətləri Səudiyyə Ərəbistanı və Küveyt kimi ölkələrə ciddi dəstək versə də, Rusiyanın Ukraynanı işğalından sonra Rusiya qazından asılılığına son qoymağa çalışan Avropa sayəsində sözün əsl mənasında maliyyə və geosiyasi mükafatı alan ölkə Qətər oldu. Dünya çempionatına ev sahibliyi etməklə öz nüfuzunu artırmağa və iqtisadiyyatına dəstək verməyə ümid edən ölkə üçün enerji təchizatı ilə bağlı baş verən son hadisələr Qətərin çoxdan arzuladığı daha böyük bir oyunçu olmaq xəyalının reallaşmasında mühüm faktor ola bilər. Son həftələrdə bəzi Avropa ölkələrinin yüksək vəzifəli şəxsləri Dohaya uçaraq Qətərə aydın mesaj verdilər: Sizin qazınıza mümkün olan ən qısa zamanda ehtiyacımız var. Rusiyanın Polşa və Bolqarıstana qazı kəsməsi, Almaniyanın isə tədarük müqavilələri üzrə danışıqlara başlamaq üçün biznes subyektlərinə göstəriş verməsi ilə vəziyyətin aktuallığı daha da artdı.

Banker.az xəbər verir ki, Bloomberg-in hesablamalarına görə, Qətərin birinci rübdəki rəqəmlərinə əsaslanaraq, ölkənin illik enerji ixracatının artıq $100 mlrd.-ı keçəcəyi təxmin edilir. Bu, körfəz ölkəsinə daha çox sərvət fondu vasitəsilə qlobal Fond Birjalarında investisiyalarını artırmağa imkan verəcək. Digər tərəfdən ölkə ev sahibliyi edəcəyi dünya çempionatı tədbirindən də $20 mlrd. gəlir gözləyir. Bu hadisələrin 2022-ci ili Qətəri idman təqvimlərində iz qoymuş bir ölkə olmaqdan çıxararaq, bir il əvvəl çox da gözlənilməyən bir zənginliyə və nüfuza sahib olmasını təmin etdiyi ifadə edilir.

Avropanın maye qaza artan tələbləri Qətərin 2027-ci ilə qədər qaz ixracını 60% artıracağını elan etdikdən sonra ortaya çıxdı. Rusiyanın yoxluğunda yaranan izafi tələb uzunmüddətli müqavilələr üçün alıcılar arasında daha çox rəqabət və Qətər üçün daha yaxşı şərtlər deməkdir. Ukrayna müharibəsi başlamazdan əvvəl bəzi analitiklər bu genişlənmə planını haqlı çıxaracaq qədər tələbatın olduğuna şübhə ilə yanaşırdılar. İndi isə Bloomberg-in aprelin 20-də verdiyi yaydığı xəbərə görə, Qətər daha da böyük tutum artımı üçün müştərilərlə danışmağa başlayıb. ABŞ-dakı Yaxın Şərq İnstitutundan Karen Yanq deyib: “Bu, əla fürsətdir. Qətər qaz bazarının ən mühüm ixracatçılarından biri olacaq, ehtimal ki, bu bazar illərlə güclü qalacaq”. Bu, üç ilə yaxındır siyasi fikir ayrılıqları səbəbindən qonşuları tərəfindən blokladaya alınmağa çalışılan və enerji qiymətlərinin rekord səviyyədə aşağı düşməsi ilə çətin günlər yaşayan üç milyonluq ölkə və onun əhalisi üçün böyük əhəmiyyət kəsb edəcək.

ABŞ prezidentinin NATO-ya üzv olmayan müttəfiqi adlandırdığı və ABŞ-ın Əfqanıstandan çıxmasına kömək edən Qətər iqtisadiyyatının bu il 4.4% artacağı gözlənilir. Bu, 2015-ci ildən bəri ən yüksək artım faizidir. Onun adambaşına düşən ümumi milli məhsulunun $80 000-a yaxınlaşaraq İsveçrə və Kayman adalarının səviyyəsində olacağı gözlənilir. Hazırkı qiymətlər Qətərin əldə etdiyi gəlirlər ilə nə edəcəyi sualını gündəmə gətirir. Əvvəlki gedişlərə nəzər saldıqda, bu məbləğin əhəmiyyətli hissəsinin qlobal bazarlara çıxacağı, bir hissəsinin isə xarici siyasətə sərf olunacağı qənaətinə gəlmək olar.

Bloomberg mənbələrinə görə, gəlirin böyük hissəsi Barclays-dən Volkswagen-ə qədər bir çox dünya nəhənglərinin əsas investoru olan Qətər Sərvət Fonduna gedəcək və bu fonda texnologiya ehtiyatlarına keçidini sürətləndirməyə imkan verəcək. Mütəxəssislər zaman keçdikcə ölkənin rifahının daha da artacağını bildirirlər. Morgan Stanley, Avropanın Rusiya enerjisindən müstəqilliyinin 2030-cu ilə qədər LNG istehlakını 60% artıracağını proqnozlaşdırır. Goldman Sachs isə Avropa və Asiyada spot qazın qiymətinin $25-a çata biləcəyini təxmin edir. Bu rəqəm Qətərin genişləndirilməsi layihəsinin dəyərindən altı dəfə çoxdur.

 

Son xəbərlər
Digər xəbərlər