23 C
Baku
Thursday, April 25, 2024

Qadın hər zaman güclü idarəedicidir

Müsahibimiz: York Universitetinin məzunu Nigar Kərimova 

Salam Nigar xanım, ilk öncə müsahibə üçün təşəkkür edir və çox ləngimədən ilk sualımıza keçmək istərdim:

Xaricdə oxumaq istəyi sizdə necə yarandı, belə bir qərara sizi daxili tələbat sövq edirdi və ya sadəcə mövcud şanslardan yararlanmaq istəyirdiniz? Ümumiyyətlə Azərbaycanda yaşayan xanımlar üçün bu qərarı qəbul etmək nə dərəcədə çətindir?

Ümumiyyətlə onu qeyd edim ki, xaricdə təhsil almaq mənim uşaqlıq arzularımdan olub, hər zaman da bu arzunu reallaşdırmaq üçün mübarizə aparmışam və sonunda nəhayət ki, bu arzum da reallaşıb. Əlbəttə ki, xaricdə təhsil almağa məni daxili tələbat sövq etdirdi, çünki bildiyiniz kimi mən İnsan Resurslarının İdarəedilməsi üzrə magistr təhsili almışam, bu ixtisas isə hal-hazırda Azərbaycanda heç bir universitetin tədris etdiyi ixtisaslar sırasında mövcud deyil. Bununla yanaşı, həm də mövcud şanslardan yararlanaraq uşaqlıq xəyallarımı gerçəkləşdirdim. Çətinliklə bağlı onu deyə bilərəm ki, həyatda çətin heç nə yoxdur. Düzdür, yolun başlanğıcı çətin gələ bilər, amma mübarizə apararaq bu çətinliyi dəf edib hədəfə çatmaq olar. İlk vaxtlar mənim üçün çətin idi, çünki indiyə qədər heç zaman ailəmdən uzaq tək yaşamamışdım. Bunların hamısını düşündükdən sonra qərara gəldim ki, bu çətinliklər müvəqqətidir və mənim uşaqlıq arzumu realaşdırmağa maneə ola bilməz.

Hazırlıq və qəbul prosesi haqqında təfərrüatlı danışmağınızı xahiş edərdim: hazırlıq prosesi, imtahanlar, universitetlə əlaqə, təhsil haqqı və s. Əminəm ki, bu informasiyalar oxucularımız üçün maraqlı və eyni zamanda da faydalı olacaq.

Onu da nəzərinizə çatdırım ki, hazırlıq prosesi doğurdan da böyük səbr və zaman tələb edir. İlk öncə tələbə öz hədəfin seçməlidir, çünki oxuyacağın universitet və ixtisasdan çox şey asılıdır. Hədəfi müəyyən etdikdən sonra artıq universitetlərlə danışıq mərhələsində məlumatlar alırsan. Çünki hər bir universitetin öz qəbul kriteriləri var və səni qəbul etmələri üçün həmin meyarlara cavab verməlisən. Mən xaricdə oxumağa getmədən öncə təhsil sahəsində çalışdığıma görə xarici universitetlərə qəbul qaydaları haqqında bütün məlumatları bilirdim. Bu da bir növ mənim üçün yardımçı oldu.

Nəyə görə təhsil üçün York Universitetini seçdiniz? Bu səbəb daha çox təhsilin səviyyəsi ilə və ya Britaniyanın bir ölkə kimi əbədi əzəməti və nüfuzu ilə bağlı idi? Ümumiyyətlə universitetinizin beynəlxalq reytinqləri barədə araşdırma etmişdinizmi?

Mənim seçimim York Universiteti idi çünki. Seçim zamanı əsas diqqət etdiyim məqam universitetin mənim seçdiyim ixtisas üzrə daha çox inkişaf etməsi və Britaniyada böyük nüfuza mail olması idi. Əlbəttə ki, universitetin beynəlxalq reytinqi çox önəmlidir, məzunu olduğum York Universiteti də beynəlxalq reytinqlər sırasında öndə duran universitetlər sırasındadır.

Təhsil aldığınız müddətdə hansı çətinlikləriniz oldu, Azərbaycan təhsilindən Britaniya təhsilinə adaptasiya prosesi necə keçdi, bu təhsil sisteminin hansı özəllikləri var?

Təhsil aldığım müddət ərzində əlbəttə ki, çətinliklər özünü göstərdi. İlk öncə bayaq qeyd etdiyim kimi tək, tanımadığım bir yerdə ailəmdən uzaqda yaşamaq mənə çox çətin gəlirdi, amma zamanla buna çox tez alışdım. Çünki ətrafımda çox gözəl dostlarım var idi. Digər bir çətinlik dil baryeri idi. Çünki İngiltərədə hər regionun özünəməxsus dil ləhcəsi vardır ki, ilk zamanlar onları almaqda çətinlik çəkirdim, amma bu çətinliyində öhdəsindən çox qısa bir zaman ərzində gəldim. Baxmayaraq ki, mən bakalavr təhsilimi ingilis dilli universitetdə almışam, amma bu çətinliklə məndən də yan keçmədi. Yaşadığım şəhərdə 2 aylıq intensiv ingilis dili kursuna yazıldım və həqiqətən də dil baryerini aşmaqda mənə böyük yardımçı oldu.

Amma onu da qeyd edim ki, Azərbaycanın təhsil sistemindən Britaniyanın təhsil sisteminə keçmək heç də çətin olmadı, çünki bakalavr təhsilimi Xəzər Universitetində aldığımdan sistem fərqi o qədər də böyük çətinlik yaratmırdı.

York Universitetində “İnsan resurslarının idarə edilməsi” ixtisasının tədrisi digər ölkələrdən nə ilə fərqlənir? Ümumiyyətlə nəzərə alsaq ki, ölkəmizdə bu sahə yetərincə tədris olunmur, təcrübənizdən hər hansı maraqlı faktları bizimlə paylaşa bilərsiniz?

Digər ölkələrlə müqayisədə İngiltərədə İnsan Resurslarının idarəedilməsi üzrə magistr təhsili 1 illikdir, həm də bundan əlavə York Universiteti digər Universitetlərlə müqayisədə CİPD (Avropanın insan resursların idarəedilməsi üzrə institutunun tanınmış sertifikatı) professional üzvlüyünü də verir. Yəni York Universitetində İnsan Resurslarını bitirən hər bir tələbə heç bir imtahan vermədən avtomatik CİPD professional üzvlülük almaq imkanına malikdir. Düzdür son zamanlar Britaniyanın bir çox universitetlərində də bu tətbiq olunub. Hal-hazırda çalışdığım sahə İnsan Resurslarının idarəedilməsi sahəsidir. Doğrudur bu sahə yetərincə ölkəmizdə tədris olunmur, amma mənim kimi bu sahə üzrə xaricdə təhsil alan gəncləri nəzərə alsaq, bu sahənin inkişaf perspektivlərinin şahidi olarıq. Mənim marağım bu sahəyə sonsuzdur daima, yenilikləri kəşf edir, təhsilimlə kifayətlənmirəm. Çünki, təhsilin nəzəriyyə hissəsində öyrəndiklərimi praktikaya tətbiq edirəm. Məsələn, bu yaxınlarda HR məktəbi adlı bir layihədə təlimçi kimi iştirak edərək, tələbələrlə öz təcrübəmi və aldığım bilikləri bölüşmüşəm.

HR üzrə əldə etdiyiniz biliklər və bacarıqlar sizə bu səriştəni Azərbaycanda tətbiq etməyə imkan verirmi- və ya dünya görünüşünüzü genişləndirməyə yardımçı olubmu?

HR üzrə aldığım biliklər həm bu səriştəni Azərbaycanda tətbiq etməyə kömək edir, əminəm ki, bundan sonra da edəcək. Həm də həqiqətən də dünyagörüşümün dəyişməyində, sözün yaxşı mənasında daha da inkişaf etməyimdə bu həyat təcrübəsinin əvəzsiz rolu olub.

castle

Nəyə görə əminliklə “Britaniyada təhsil almağa dəyər” –deyə bilərsiniz?

Bunu bir daha əminliklə deyirəm, həqiqətən də Britaniyada təhsil almağa dəyər. Düzdür Azərbaycanda da təhsil sahəsində inkişaf gedir, amma biz təkcə Azərbaycanın təhsili ilə kifayətlənməməliyik. Daima yenilik axtarışında olub, daha da inkişaf edib və öyrəndiyimiz bilikləri Azərbaycanda inkişaf etməyən sahələrə tətbiq etməliyik. Məsələn mənim təhsil aldığım sahə buna misal ola bilər. Bununla yanaşı, qeyd etmək istərdim ki, mən gələcəkdə bu ixtisasın Azərbaycan universitetlərində tədris edilməsi üçün əlimdən gələn köməkliyi edəcəyəm. Çünki çoxlu sayda gənclərimiz var ki, xaricə gedə bilmirlər. Onların da istədikləri ixtisasa elə buradaca yiyələnmək arzularını reallaşdırmaq yaxşı olardı. Elə məhz buna görə də Britaniyada oxumağa dəyər.

Təhsildən kənar hər hansı bir təcrübə qazanmaq imkanınız oldumu? Ümumiyyətlə York Universitetində tələbələrə iş təcrübəsi (intern) qazanmaq imkanı yaradılırmı?

Əlbəttə oldu, həm də bu təcrübənin mənim gələcək karyeramda çox böyük rolu var. Universitetdə təhsil aldığım zaman ərzində bizim ixtisasda oxuyan tələbələrə şans yaradılırdı ki, İngiltərənin tanınmış, bir şirkətlərində işçiləri müsahibə edərək, şirkətin strukturunu öyrənərək həmin şirkət üçün istedad siyasəti proqramı hazırlasın. Hər gün şirkətdə işləyən müxtəlif vəzifəli insanlardan müsahibələr götürərək, onların iş qrafiki ilə yaxından tanış olurduq. Bu məlumatları gələcəkdə öz iş həyatımıza tətbiq etməklə biz də yeniliyə imza atmış oluruq.

Nigar xanım, təhsil prosesində xanımlar çalışqanlığı ilə seçilsələr də, bəylər biznes sahəsində daha çox uğur əldə edirlər, bu fikirlə nə dərəcədə razısınız? Sizə azərbaycanlı xanımlara hansı “baryerlər” lider olmağa imkan vermir?

Bu fikrinizlə heç razı deyiləm, bizim nə qədər nəyinki biznes sahəsində, həmçinin siyasi sahədə də öz sözünü demiş xanımlarımız var. Ümumiyyətlə mən feminist deyiləm, hər zaman haqqın tərəfindəyəm. Bəzi xanımlarımıza müxtəlif qadağalar qoyulur, Azərbaycanda mövcud olan bəzi yazılmamış qanunlara əsaslanaraq “qadın işləməz”, “qadın nədir, xaricdə oxumaq nədir” və s. bu kimi məhdudiyyətlərlə üzləşən xanımlar vardır. Amma bu da, ondan irəli gəlir ki, qadın hər zaman güclü idarəedicidir, qarşı tərəf isə qadının daha çox güclü olub, onu yenəcəyindən qorxur. Ümumiyyətlə bütün qadınlar güclüdür, zəif qadın yoxdur, sadəcə hüquqları tapdanan qadınlar vardır. Yazılmamış qanunlar, cəmiyyətdə mövcud olan ön yarqılı insanlar, “qohumlar nə deyər” və s. kimi qaçılmaz olan “baryerlər” bəzi Azərbaycanlı xanımlara lider olmağa imkan vermir. Ümid edirəm ki nə zamansa bu baryerləri artıq aşacağıq.

Sonda xaricdə oxumaq arzusunda olan, lakin müxtəlif daxili qorxulardan (valideynlərin icazəsi, dostlardan ayrılmaq, iş yerini tərk etmək, yeni mühit, maddi çətinliklər və s) əziyyət çəkən xanımlarımıza öz istəyini gerçəkləşdirmiş gənc mütəxəssis kimi nələri tövsiyə edərdiniz?

Xaricdə təhsil almaq istəyən gənclərə tövsiyə edərdim ki, bu istəklərini reallaşdırmaq üçün bugünkü dövrdə olan imkanlardan maksimum faydalansınlar, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gənclərin Xaricdə Təhsilləri ilə bağlı təqaüd Proqramı buna misal olar bilər. İndi artıq xaricdə təhsil olmaq arzu olaraq qalmır, hər bir gənc öz arzusunu reallaşdıra bilər. Yeri gəlmişkən onu da qeyd edim ki, mən də ARDNŞ-nin Gənclərin Xaricdə Təhsilləri ilə bağlı təqaüd Proqramının təqaüdçü məzunuyam. Sonda sizə biz gənclərlə maraqlandığınız üçün dərin təşəkkürlərimi bildirirəm. Təşəkkürlər!

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər