7 C
Baku
Sunday, December 15, 2024

Qadınlara güzəştli kreditlər verilir

Bu gün Bakı Biznes Mərkəzində qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılmasına dair tədbir keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən  verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması, dövlətin güzəştli kreditlərindən istifadə imkanlarının təşviq edilməsi, güzəştli kreditlərin verilməsi mexanizmi və nümunəvi investisiya layihələri barədə təqdimatların keçirilməsidir.

İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxışında bildirib ki, dövlətin prioritet istiqamətlərindən biri ölkədə qadınların sosial, iqtisadi, ictimai-siyasi həyatda rolunun genişləndirilməsidir: “Hazırda qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışırlar və əldə olunan iqtisadi uğurlara öz töhfələrini verirlər. Qadınların iqtisadi sahədə fəallığının daha da artırılması üçün həvəsləndirici və təşviqedici tədbirlər görülür. Onların sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün müxtəlif treninqlərin təşkil olunması, biznes sahələri yaratması üçün güzəştli kreditlərin verilməsi, evdar qadınların sahibkarlığa cəlb olunması da bu tədbirlərdəndir. Eyni zamanda, respublikanın ucqar və dağlıq regionlarında, məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə yaşayan qadınların özəl biznes və aqrar təsərrüfatlarını yaratması üçün də tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, son illər qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artıb. Ötən il ölkədə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliyyət göstərən fiziki şəxslərin sayı 5,2% artaraq 455 minə çatıb ki, onların da 17,9%-ni qadınlar təşkil edib. Bununla yanaşı, dövlət sahibkarların, o cümlədən qadın sahibkarların ölkə xaricində maarifləndirilməsi məsələsini xüsusi diqqətdə saxlayır və mütəmadi olaraq sahibkarların xarici ölkələrdə təcrübə yığması, xarici ölkələrdə əldə etdiyi nailiyyətlərin ölkədə tətbiqi üçün müvafiq işlər həyata keçirir. Bu işlərdən biri də İqtisadiyyat və Sənaye Nazirliyi ilə Almaniya Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında imzalanmış memoranduma uyğun olaraq həyata keçirilən “Biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması” proqramıdır ki, bu proqram çərçivəsində 173 sahibkardan 30-u qadın sahibkar, o cümlədən 2013-cü il ərzində 44 sahibkardan 9-u qadın sahibkar olmaqla Almaniyada ixtisasartırma kurslarına göndərilmişdir. Bu sahədə tədbirlər davam etdirilir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafı uğurlu iqtisadi siyasətin əsas istiqamətlərindəndir və qadın sahibkarların bu prosesə cəlb olunması xüsusi əhəmiyyət kəsb edir. Bildirilib ki, qadınların ictimai fəallığının yüksəldilməsi, iqtisadi və sosial həyatda fəal iştirakının təbliği istiqamətində mühüm addımlar atılıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Arif Vəliməmmədov qeyd edib ki, təşviq tədbirləri ilə yanaşı, Fond tərəfindən qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması və xüsusilə evdar qadınların məşğulluğunun təmin edilməsi məqsədilə xalçaçılıq, tikişçilik və digər daha çox qadın əməyinə ehtiyac duyulan sahələrdə nümunəvi investisiya layihələri hazırlanır və onlara təqdim edilir: “İndiyədək Fond tərəfindən 2070 qadın sahibkara 46,2 mln. manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 3000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. 2013-cü ildə isə 430 qadın sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 9,3 mln. manat güzəştli kredit verilib. Bu sahədə həyata keçirilən tədbirlər davam etdiriləcək”.

Sonda qadın sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Apa

Son xəbərlər
Digər xəbərlər