15 C
Baku
Saturday, April 27, 2024

Qafqaz Universitetində 4-cü Qafqaz Biznes Forum keçirildi

Qafqaz Universiteti Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzi “Azərbaycanda Texnoloji Sahibkarlığın Gələcək Perspektivi” mövzusunda 4-cü Qafqaz Biznes Forumu təşkil etmişdir. Forumda Koreya Respublikasının Azərbaycandakı səfiri cənab Kim Çanq Qyu və Azərbaycanda fəaliyyət göstərən texno-park, inkubasiya və akselerasiya mərkəzlərinin idarəçi və təsisçiləri iştirak ediblər.
Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç qonaqları və panel iştirakçılarını salamlamaqla forumu açıq elan etdi. Bu çıxışdan sonra Koreya Respublikasının Azərbaycandakı səfiri və Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzinin sədri Odiljon Abdurazzakov Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsinin əhəmiyyəti barədə söz açdılar.

Panel iştirakçıları Next Step İnnovasiya Mərkəzi, Bakı Biznes Factory (Fabriki), Rabitə və Yüksək Texnologiyalar nazirliyinin Yüksək Texnologiyalar Parkı, Azercell şirkətinin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, Qafqaz Universiteti Texnoparkı, Bakcell şirkətinin APPLab İnnovasiya Mərkəzinin nümayəndələrindən ibarət idi. Forumda həmçinin Qafqaz Universitetinin professor-müəllim heyəti və tələbələri də iştirak etmişdir.

4-cü Qafqaz Biznes Forumun iştirakçıları “Azərbaycanda Texnoloji Sahibkarlığın Gələcək Perspektivi” mövzusunda iki prioritet istiqamət üzrə fikir mübadiləsi aparmışlar:

1.Azərbaycanın ali təhsil müəssisələrinin startap ekosistemində rolu
2.Texnoloji sahibkarlıq yönümlü inkubasiya və akselerasiya mərkəzləri üçün strategiyanın işlənilməsi

Qeyd olunan istiqamətlərdən başqa forum iştirakçıları həmçinin Azərbaycanda uğurlu startap ekosisteminin qurulmasında beynəlxalq təcrübədən faydalanmağın yollarını müzakirə etmişdir. Koreya Respublikasının Azərbaycandakı səfiri öz növbəsində texnoloji sahibkarlıq sahəsində Koreya təcrübəsindən söhbət açmışdır. Bunun ardınca söz alan Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzinin sədri Odiljon Abdurazzakov Azərbaycanda innovativ sahibkarlığın stimullaşdırılması mövzusunda Harvard Universitetnin Sahibkarlığın İdarəedilməsi Bölməsində aparmış olduğu tədqiqatını təqdim etdi. Forum bütovlükdə iştirakçılar arasında bilik mübadiləsinin aparılması və bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsinə imkan vermişdir. Qeyd etmək istərdik ki, Qafqaz Universiteti Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzi ardıcıl olaraq 4 il ərzində Qafqaz Biznes Forumunu təşkil etməkdədir.
Sonda Koreya Respublikasının Azərbaycandakı səfiri cənab Kim Çanq Qyuya forumun xatirə plaketi təqdim olunub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər