Son iki gündə əhali “qara bazar”dan kütləvi dollar alışına başlayıb. Bu barədə mənbəyə “qara bazar”da dollar alveri ilə məşğul olanlar məlumat veriblər.
Fərdi qaydada dollar satışı ilə məşğul olan şəxslər bildirirlər ki, bayram günlərində, əsasən, iranlı turistlər “qara bazar”dan dollar alırdılar. Son iki gündə isə əhali arasında dollara tələbat 2-3 dəfə artıb:
“Adi qaydada bir dollar alverçisindən gündə 5-10 nəfər valyuta almaq üçün müraciət edirsə, indi bu say gündə 30 nəfərə qədər artıb”.
“Qara bazar”dan alınan bir nəfərə düşən dolların həcmi də kəskin artıb. Dollar alverçiləri bildirirlər ki, bayrama qədər bir nəfər orta hesabla 300-500 dollar alırdısa, indi 2-3 min dollar almaq üçün müraciət edirlər.
Satıcılar dollara tələbatın kəskin artmasının səbəbini bilməsələr də hesab edirlər ki, hazırki məzənnə dollar almaq üçün əlverişlidir:
“Dolların daha da bahaşalacağını nəzərə alsaq, 1.7200-1.7300 manat kursu dollar almaq üçün məqsədəuyğundur”