14 C
Baku
Saturday, May 4, 2024

“Qaradağ Şüşə Zavodu”nun səhmlərini almaq istəyən investor olmayıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) “Qaradağ Şüşə Zavodu” ASC-nin səhmlərinin 85 %-nin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə elan etdiyi investisiya müsabiqəsi nəticəsiz başa çatıb.

Bu barədə ƏMDX-ya istinadən xəbər verir.

Məlumata görə, səhmləri almaq istəyən investor olmayıb. Buna görə də, “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq yeni müsabiqə elan olunub və Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 23-cü km, 8 ünvanında yerləşən fabrikin nominal dəyəri 2 manat olan 15 279 018 səhmi (30 558 036 manatlıq) təkrar satışa çıxarılıb.

İddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə azı 10 milyon manatlıq investisiya proqramı təqdim etməli, yeni iş yeri yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir. Müsabiqənin qalibi səhmdar cəmiyyətinin səhmlərinin alınmasına görə dövlət büdcəsinə azı 18 milyon manat vəsait köçürməlidir.

Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 30 gün müddətində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, həmçinin müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.

Müsabiqədə ölkə vətəndaşları ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə bu link vasitəsilə tanış olmaq olar.

İddiaçıların ərizə və təklifləri iyunun 9-na qədər, iş günləri saat 10:00-dan 17:30-a qədər ƏMDX-da (Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50) qəbul ediləcək. Komissiya müsabiqə təkliflərini iyunun 12-si, saat 15:00-dan başlayaraq həmin ünvanda qiymətləndirəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər