6 C
Baku
Saturday, December 14, 2024

Qaydaları pozan kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlər 40 manatdan 200 manat cərimələnəcək

Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 338.4-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

– avtomagistral hesab edilməyən ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa digər zolaqlarla hərəkət edilməsinə;

– velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət edilməsinə;

– yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;

– svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;

– sükanı tutmadan nəqliyyat vasitəsinin idarə edilməsinə;

– nasaz nəqliyyat vasitəsindən istifadə edilməsinə;

– piyadaların hərəkətinə maneə yaradılmasına;

– sərnişin daşınmasına;

– keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə qırx manat məbləğində cərimə ediləcək.

Bu xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə ediləcək.

Yuxarıda nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə yüz əlli manat məbləğində cərimə ediləcək.

Yuxarıda nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər