“Qazaxıstanın “Kaztransgas” şirkəti mayeləşdirilmiş qazın tranzitində maraqlıdır və ayda 10-15 min ton Qazaxıstan mayeləşdirilmiş qazının Azərbaycan üzərində tranzitinə hazırdır”.
Report agentliyi xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 16-cı iclasında Azərbaycan energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir qeyd edib ki, hazırda tariflərin optimallaşdırılması işləri görülür.
Bundan başqa, P.Şahbazov məlumat verib ki, bu ilin 9 ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi – “SOCAR Trading” 1,6 mln ton həcmində Qazaxıstan neftinin ticarətini həyata keçirib.
O qeyd edib ki, ötən il isə bu göstərici 1,5 mln ton təşkil edib.
Nazir hazırda Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinin bərpa olunması barədə danışıqlar aparıldığını bildirib.