Qazaxıstan üçüncü ölkələrdən yanacaq idxalına tətbiq olunan gömrük rüsumlarını sıfırlamağı planlaşdırır. Bu barədə ölkənin ticarət və inteqrasiya nazirinin müavini Janel Kuşukova bildirib.
Onun sözlərinə görə, qərar ilk növbədə Çindən idxal edilən yanacağa şamil olunacaq.
Nazir müavini qeyd edib ki, rüsumlar bir il müddətinə ləğv ediləcək. Güzəşt benzin, dizel yanacağı və aviasiya yanacağını əhatə edəcək. Kuşukova bildirib ki, bu addım Qazaxıstanın əsas yanacaq tədarükçüsü olan Rusiyada yaranmış yanacaq qıtlığı ilə əlaqədardır.
“Mövcud vəziyyəti nəzərə alaraq, Avrasiya İqtisadi İttifaqı çərçivəsində idxal gömrük rüsumlarının azaldılması barədə qərar qəbul edirik ki, üçüncü ölkələrdən, ilk növbədə Çindən yanacaq idxalını stimullaşdıraq”, – deyə Kuşukova parlamentdə jurnalistlərə bildirib.
Hazırda Qazaxıstanda bəzi növ neft məhsullarının avtomobil nəqliyyatı ilə, yüngül distillatların isə dəmir yolu ilə ixracına qadağa tətbiq olunur.
Ötən həftə Qazaxıstanın Baş naziri Oljas Bektenov sərhədlərdə nəzarətin gücləndirilməsi və ölkədə yanacaq qıtlığının qarşısının alınması barədə tapşırıq verib.
Rusiyada isə mayın sonundan etibarən pilotsuz uçuş aparatlarının hücumlarının artması fonunda bir sıra regionlarda benzinin satışına məhdudiyyətlər tətbiq olunmağa başlanıb. Hazırda bu cür tədbirlər 20-dən çox regionda qüvvədədir.







