Prezident Kasım-Jomart Tokayev Qazaxıstanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum elan edib.
Bu barədə Prezident Qazaxıstan Xalqları Assambleyasının XXII sessiyası zamanı danışıb.
“Referendum ən mühüm demokratik institutdur, lakin Qazaxıstanda sonuncu dəfə 1995-ci ildə hazırkı Konstitusiyanın təsdiq edildiyi vaxt keçirilib. Daha sonra “Referendum haqqında” Konstitusiya qanunu qəbul edilib, ancaq bu, heç vaxt həyata keçirilməyib”, – ölkə lideri bildirib.
Dövlət başçısının fikrincə, konstitusiyanın ümumxalq səsverməsi yolu ilə dəyişdirilməsi xalqın iradəsinin parlaq təzahürü olacaq:
“Referendum hər bir vətəndaşa ölkənin taleyinin həllində bilavasitə iştirak etməyə imkan verəcək və hərtərəfli demokratikləşmə və Yeni Qazaxıstanın qurulması istiqamətində kursumuzu gücləndirəcək. Biz yeni dövlət modelinə, dövlətlə cəmiyyət arasında qarşılıqlı əlaqənin yeni formatına keçirik. Bu keyfiyyət keçidini İkinci Respublika adlandırmaq olar”.
Eyni zamanda Prezident qazax dilinin statusunun möhkəmləndirilməsinin vacibliyini vurğulayıb:
Dillərdən danışarkən başa düşməliyik ki, Qazaxıstan öz tarixi və etnik xüsusiyyətlərinə görə çoxdilli dövlətdir. Bu da bizim xeyrimizədir. Eyni zamanda dövlət dili qazax dilidir və siz də bunu yadda saxlamalı və qazax dilinin statusunu gücləndirmək üçün tədbirlər görməlisiniz”.
Bununla yanaşı Kasım-Jomart Tokayev fərqli dildə danışan vətəndaşlara qarşı ayrı-seçkiliyin yolverilməz olduğunu da qeyd edib.