“Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunduqdan sonra istehlakçıların qida təhlükəsizliyi sahəsində hüquqlarının müdafiəsi daha da gücləndiriləcək. Sözügedən qanun “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində bir sıra münasibətləri tənzimləyir. Belə ki, qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısı alınacaq. Eyni zamanda istehlakçıları aldatmaqla barəsində saxta və (və ya) yalan məlumat verilən qida məhsullarının ilkin istehsalının, istehsalının, emalının və dövriyyəsinin qarşısı alınacaq. Bundan başqa, yeni qanun qida məhsullarının istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçını aldadan hər hansı digər fəaliyyətin qarşısının alınmasını da nəzərdə tutur.
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” qanun ölkə ərazisində insanların və heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.
Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.