10 C
Baku
Wednesday, December 11, 2024

Qısa müddətdə necə iş tapa bilərsiniz?

Bu və yaxud hər hansı səbəbdən daimi və sabit gəlirdən məhrum olmuş insanlar iş tapmaq problemi ilə üzləşirlər. Birmənalı olaraq bu problemə cavab mövcud deyil, çünki hər kəs bu vəziyyətdən özünəməxsus çıxış yolu axtarır. İşə sahib olmayan hər kəs iş tapmaq arzusundadır. İşə sahib olan əksər insanlar isə onu dəyişməyi planlaşdırır. Yeni iş tapmaq ümidi ilə köhnə iş yerini dəyişməzdən öncə bütün “hə” və “yox”-ları nəzərdən keçirin.

Aparılan araşdırmalara görə köhnə iş yerindən ayrılan hər iki nəfərdən biri öz işi və iş yoldaşları üçün darıxır. Bu səbəbdən də qərar verməmişdən öncə dəfələrlə düşünün. Yox əgər qəti olaraq qərar vermisinizsə, aşağıdakı məsləhətlərlə qısa müddətdə necə iş tapmağın mümkün olduğunu öyrənə bilərsiniz.

1. İlk başdan yeni iş axtarışına başlamayın, sınaqlarla sübut olunmuş nəticələrə görə bu heç də yaxşı nəticə vermir!

2. Əgər vaxt və maliyyə vəziyyətiniz imkan verirsə, bir neçə həftə istirahət edin. Əsəblərinizi sakitləşdirin! Yaranmış vəziyyətin müsbət cəhətlərini tapmağa çalışın. Məsələn, bu saatdan etibarən həyatınızın ən maraqlı və rəngarəng dövrü başlayır. Digər sözlərlə: “Edilən hər bir şey yaxşılığa doğrudur!”. Bu halda ən ideal variant harasa istirahətə yollanmaqdır.

3. Baş verənləri qohumlarınıza, dostlarınıza və tanışlarınıza deyin və işədüzəlmək üçün onlardan yardım istəyin. Əminliklə deyə bilərik ki, bir çox tanışlarınız üzləşdiyiniz çətinliyi anlayacaq və sizə kömək etməyə çalışacaq. Yeri gəlmişkən, əgər hələ də heç bir təklif gəlməyibsə, onda bir neçə həftədən sonra onlara özünüzü yenidən xatırladın. Bu zaman nə onlar, nə siz heç nə itirməyəcəksiniz, əksinə “Dost dar gündə tanınar”…

4. Yerli məşğulluq idarəsində növbəyə yazılın. Burada ayda iki dəfə sizə aktual vakansiyalar təklif ediləcək. Burada vakansiyalar elə də çox olmur, əmək haqqı isə nisbətən aşağı səviyyəlidir. Lakin boş oturmaqdansa nədənsə başlamaq lazımdır. Bu işə düzəldikdən sonra belə daha yaxşı şərtləri olan işin axtarışına davam edə bilərsiniz.

5. Özünüz də fəal şəkildə iş axtarışlarını davam etdirin. Ən məşhur və böyük işədüzəltmə portallarında qeydiyyatdan keçin və rezümenizi yerləşdirin. Bu öz imkanlarınızı bütün ölkəyə bəyan etmək imkanı yaradır. Bundan əlavə mütəmadi olaraq sayta daxil olub yeni vakansiyaları da nəzərdən keçirməyi unutmayın.

6. Rezümenizi birbaşa olaraq işləmək istədiyiniz şirkətlərə göndərin. Qaydalara əsasən, hər bir təşkilatın, şirkətin saytında xüsusi vakansiya bölməsi olur və şirkət burada hazırda ehtiyac duyduğu vakansiyaların siyahısını təqdim edir. Burada sizə uyğun vakansiya olmasa belə, siz yenə də öz rezümenizi göndərin. Belə ki, şirkətə göndərilən bütün rezümelər “vakansiya bankı”-na düşür. Bununla da rezümeniz daim işəgötürənin əlinin altında olacaq.

7. Öz xobbilərinizi xatırlayın. Ola bilsin ki, bütün boş zamanınızı xərclədiyiniz sevimli məşğuliyyətiniz əsas gəlir mənbəyinizə çevrilsin. Belə olduqda isə bütün iş saatınızı sevimli məşğuliyyətinizə həsr etmiş olacaqsınız. Sonda isə bu günə qədər nə ilə məşğul olduğunuz barədə ciddi şəkildə düşünün. Bəlkə də artıq həyati stereotiplərinizi dəyişmək və dünyaya yenidən baxmaq zamanı gəlib.

Son xəbərlər
Digər xəbərlər