Rusiyanın Ukraynanı işğal etməsi və La Nina iqlim fenomeninin yaratdığı təzyiq nəticəsində buğda idxalından asılı olan ölkələr ərzaq təminatının təhlükəsizliyini əsas gətirərək idxalı artırmağa başlayıblar. İdxalını artıracaq ölkələr ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən proqnozlaşdırılıb.
Banker.az xarici mətbuata istinadən xəbər verir ki, 2022-23 marketinq ilində dünyada 779.03 mln. ton buğda istehsalı və 204.89 mln. ton ixrac gözlənilir. Türkiyə də ixracını artırmağı planlaşdıran ölkələr sırasındadır. Dünyanın ən böyük idxalçılarının ölkələrini qidalandırmaq üçün satın almalarının həcmi ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aşağıdakı kimi proqnozlaşdırılır:
- Şimali Afrika: Əlcəzair, Misir, Liviya, Mərakeş və Tunis 2021-22-ci illərdə 27.35 mln. ton olan buğda idxalını 2022/23-cü illərdə 29.2 mln. tona qədər artıracaq. Bölgə üzrə biçinin həcmi 17.25 mln. ton proqnozlaşdırılır.
- Cənub-Şərqi Asiya: İndoneziya, Malayziya, Filippin, Tayland, Vyetnamdan ibarət olan bu bölgənin 26.03 mln. ton buğda idxalı gözlənilir. Bu ölkələr özləri buğda istehsal etmirlər.
- Yaxın Şərq: Livan, İraq, İran, İsrail, İordaniya, Küveyt, Səudiyyə Ərəbistanı, Yəmən, BƏƏ və Oman keçən il 23.05 mln. ton olan idxalını bu il 23.32 mln. tona çatdıracaq. Bölgənin istehsal gözləntiləri 17.59 mln. tondur.
- Çin: 2022/23 idxalının 9.5 mln. ton alacağı gözlənilir. Yığılacağı gözlənilən məhsulun miqdarı isə 135 mln. tondur.
- Banqladeş: 7 mln. ton idxal edəcəyi gözlənilən ölkənin istehsal gözləntisi 1.1 mln. tondur.
- Nigeriya: Qərbi Afrika ölkəsinin 6.5 mln. ton idxal edəcəyi təxmin edilir. Öz istehsalı təxminən 110 min ton olaraq qalacaq.
- Braziliya: 6.4 mln. ton idxal və 8.5 mln. ton buğda istehsalı gözlənilir.
- Yaponiya: Asiya ölkəsinin 5.3 mln. ton idxal edəcəyi proqnozlaşdırılır. Yaponiyanın istehsalı ilə bağlı proqnoz isə 1.15 mln. ton təşkil edir.
Aİ-nin taxıl anbarları arasında yer alan Rumıniyada isə ixrac olunacaq buğda artıqlığı artır. Rumıniyanın Kənd Təsərrüfatı Naziri Petre Daea verdiyi açıqlamada Rumıniyada bu günə qədər buğda biçininin 96%-inin tamamlandığını bildirib.