5 C
Baku
Friday, March 29, 2024

Qlobal iqtisadiyyatda baş verənlər: kiçik ölkələr nə qazanacaq?

Qlobal iqtisadiyyatda ölkələr arasında gəlirlərin disproporsiyası, adambaşına düşən ÜDM-nin həcmindəki fərqlər böyük dövlətlərin özlərinin iqtisadi inkişaflarının gələcəkdə yavaşımasına səbəb olacaq əsas amillərdən biridir.

Qloballaşma indiyə qədər ABŞ, Çin, Yaponiya, Avropa Birliyi kimi iqtisadi mərkəzlərin iqtisadiyyatlarının güclənməsi və böyüməsinə səbəb olmuş, lakin bu tempin davam etməsi onunla nəticələnə bilər ki, say etibarilə 20-ə yaxın ölkənin (dünya ölkələrinin 10%-i) istehsal etdiyi malları qalan 180-dən çox (80%) ölkənin davamlı olaraq alması mümkün olmayacaq. Çünki, bu ölkələrdə istehsal qloballaşma nəticəsində böyük ölkələrin istehsal etdiyi mallarla rəqabətə davam gətirməyərək zəifləyəcək, məhv olacaq. İstehsalın məhvi isə əvvəl-axır işsizlik, gəlirlərin azalması, nəticə etibarilə istehlakın da azalması ilə nəticələnəcək. Bu ölkələrdə istehlakın zəifləməsi isə böyük iqtisadiyyatlara da təsirsiz ötüşməyəcək və digər iqtisadiyyatlarda da Yaponiyada baş verən durğunluq və zəif iqtisadi artım, sonra isə resesiya və böhranların baş vermə ethimalı artacaq. 2014-cü ildə beynəlxalq konfransların birində etdiyim çıxışın əsas istiqamətləri bu fikirlər idi. Burada 2 əsas çıxış yolu təklif etmişdim: birincisi, böyük iqtisadiyyatların həyata keçirdikləri ticarətlərdə inkişaf etməkdə olan ölkələrə daha çox kvota ayırmaları və ticarətin böyük iqtisadi mərkəzlər arasındakı konsentrasiyasının getdikcə azaldılması; ikincisi isə, gömrük siyasətinin fiskal siyasətin tərkib hissəsindən çıxarılaraq xarici ticarət siyasətinin əsas drayveri kimi fəaliyyət göstərməsi (xüsusilə, cənub-şərqi Asiya ölkələrinin inkişaf yollarını araşdırarkən doğruluğuna və gücünə əmin olduğum proteksionist siyasəti şəxsən monetar və fiskal siyasətlərlə eyni səviyyədə görürəm. Təəssüf ki, 1980-ci illərdən sonra bu siyasət inkişaf etməkdə olan ölkələrdə tamamilə arxa plana keçmişdi. Bu siyasət adını çəkməsələr də, Avropa Birliyi, Çin və təbii ki, cənub-şərqi Asiya dövlətləri tərəfindən (1950-1960-cı illər səviyyəsində olmasa da) aktiv şəkildə həyata keçirilirdi). ABŞ isə fərqli siyasət həyata keçirirdi.

Ticarət və tədiyyə balanslarında yaratdıqları mənfi saldo ilə dünyaya dollar ixrac edirdilər. Dolların dünyanın əsas rezerv valyutası olmasını nəzərə alsaq, tamamilə normal və məntiqli siyasət idi. Lakin, burada və digər çıxışlarımda qeyd etdiyim və etmədiyim səbəblərdən ticarət düzəni bu şəkildə davam edə bilməzdi. 2016-cı ildən etibarən dəyişikliklərin həyata keçirilməsinə cəhdlər oldu. Əslində bu önəmli cəhdlərin bir çoxu inkişaf etməkdə olan ölkələr, o cümlədən ölkəmiz üçün də müsbət idi. Məhz əsas bu səbəblərdən ABŞ-Çin, ABŞ-Avropa Birliyi arasındakı ticarət müharibələri, böyük dövlətlər arasındakı güzəşt dolu sazişlərin ləğvi son illərdə məqalə və çıxışlarımda fəal bir şəkildə toxunduğum mövzulardan biri idi. Bir neçə gün öncə ABŞ və Çin arasında ticarət sazişinin 1-ci fazası imzalandı. (Bu sazişin bir neçə əsas müddəalarına növbəti yazımda toxunacam.) Bu razılaşmaya əsasən Çin ABŞ-dan 2020-ci ildə əlavə olaraq 12.5 milyard dollarlıq, 2021-ci ildə isə əlavə olaraq 19.5 milyard dollarlıq kənd təsərrüfatı malları almağı öhdəsinə götürdü. Dünən isə Ukraynanın analitik mərkəzlərindən birinin rəhbəri bəyan etdi ki, bu razılaşma nəticəsində Çinin ABŞ-dan alacağı kənd təsərrüfatı məhsullarının əvəzinə Ukraynadan kənd təsərrüfatı məhsullarının alışını azaldacağı aydın olmuşdur.

Nəticədə, Ukrayna 2020-ci il ərzində kənd təsərrüfatı məhsulları üzrə planlaşdırdığı 3 milyard dollarlıq gəliri 1.5 milyard dollara qədər azaldır. Bu rəqəmlər arta və ya azala bilər. Mahiyyət isə dəyişməz qalır. İnkişaf etməkdə olan ölkələr üçün ixraclarda kvotaların artırılması, bu ölkələrdə istehsalın genişlənməsi dünya iqtisadiyyatında əsas prioritet istiqamətlərdən biri kimi qalmalıdır. ABŞ-Çin ticarət sazişinin kövrəkliyini, dünya ticarət düzəninin, sonra isə maliyyə düzəninin dəyişmə zərurəti fonunda hər bir ölkə hadisələrin inkişafı fonunda uduzmamaq şərti ilə daha çox mənfəət və ticarət payı əldə etməyə çalışacaq. Ciddi təhlil və səmərəli fəaliyyət planları tələb edən bu məsələlərdə daha çevik olan ölkələr daha çox mənfəət əldə edə bilərlər.


Müəllif:
Elman Sadıqov

Son xəbərlər
Digər xəbərlər