Sahibkarlığın İnkişafı Fondunda Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüş keçirilib. Görüşdə quş əti istehsalı sektorunda mövcud vəziyyət və istehsalçıların maliyyə mənbələrinə çıxış imkanları müzakirə olunub.
Assosiasiya üzvləri yem bitkilərinin nisbətən ucuz olduğu yığım mövsümünün yaxınlaşdığını nəzərə alaraq, yem ehtiyatının yaradılması məqsədilə güzəştli maliyyə dəstəyinə ehtiyac olduğu bildiriblər.
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel tarixli Qərarı barədə məlumat verib. Bildirilib ki, mexanizm üzrə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emalla məşğul olan KOB subyektlərinə 2022-ci ildə verilən və məbləği hər bir sahibkarlıq subyekti üzrə 3 milyon manatadək olan kreditlərin faizinin 10% bəndinədək hissəsi 12 ayadək subsidiyalaşdırılacaqdır.
Görüşdə həmçinin minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emalla məşğul olan iri sahibkarlıq subyektlərinin də güzəştli maliyyə resurslarından istifadə edə bilməsi üçün təkliflərin hazırlandığı qeyd edilib.