Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən ölkədə nağd pul tədavülünün effektiv təşkili, dövriyyənin yüksək keyfiyyətli pul nişanları ilə təmin olunması və saxtalaşdırmaya qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar banklara və poçt rabitəsinin milli operatoruna müvafiq tapşırıqlar verilmişdir.
Banker.az bu barədə AMB-nin açıqladığı məlumata istinadən xəbər verir.
Məlumatda deyilir ki, tədavüldə olan pulların ketfiyyətinin qorunması, pul nişanlarının saxtalaşdırılması hallarının qarşısının alınması məqsədilə banklar tərəfindən istismar olunan nağd pul avadanlıqlarının, o cümlədən bankomatların (cash-in), pulsayan maşınların, emal sistemlərinin və nağd ödəniş terminallarının milli pul nişanlarının mühafizə elementlərinə və yararlılıq səviyyəsinə uyğun tam testləşdirilməsi tələb olunmuşdur.
Eyni zamanda, banklara pul nişanlarının emalına qarşı tələbləri gücləndirmək, müvafiq tələblərə və keyfiyyət parametrlərinə cavab verən pulları təkrar tədavülə buraxmaq tapşırılmışdır. Müvafiq tələblərə uyğun emal sistemlərinə malik olmayan banklardan yalnız Mərkəzi Bank tərəfindən formalaşdırılmış pul nişanlarının dövriyyəyə buraxılması tələb edilmişdir.
Eləcə də, Mərkəzi Bank tərəfindən tam avtomatlaşmış Nağd pulun İdarəetmə İnformasiya Sisteminin tətbiqi ilə əlaqədar 01 fevral 2018-ci il tarixindən etibarən ekspertizanın aparılması məqsədilə Mərkəzi Banka göndərilən pul nişanlarının bu sistemin Veb-portal modulunda şübhəli pul kimi qeydə alındıqdan sonra inkassator vasitəsilə (müvafiq pul nişanını təqdim edən şəxsin imzalanmış ərizəsinin bir nüsxəsi əlavə edilməklə) təqdim edilməsi tələb edilmişdir.