İraq və Pakistan hökumətləri İranla Hörmüz boğazı vasitəsilə neft və mayeləşdirilmiş təbii qazın daşınması barədə razılığa gəliblər. Bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, Bağdad və Tehran təxminən 2 milyon barel İraq neftini daşıya bilən iki böyük tankerin təhlükəsiz keçidi barədə razılıq əldə edib. Tankerlər mayın 10-da boğazdan keçiblər.
İraqın Neft Nazirliyinin nümayəndəsi agentliyə bildirib ki, hökumət ölkə büdcəsinin 95%-ni təşkil edən neft gəlirlərini qorumağa çalışır.
“İraq İranın yaxın müttəfiqidir və İraq iqtisadiyyatının zəifləməsi İranın iqtisadi maraqlarına da zərər vuracaq”, — deyə rəsmi şəxs qeyd edib.
Pakistan isə İranla Qətərdən mayeləşdirilmiş təbii qaz daşıyan iki tankerin Hörmüz boğazından keçidi barədə razılığa gəlib. Müharibədən əvvəl Pakistan ayda təxminən on partiya LNG alırdı, lakin mart ayından etibarən döyüş əməliyyatları səbəbindən tədarük dayandırılmışdı.
“Reuters” mənbələrinin sözlərinə görə, nə İraq, nə də Pakistan bu razılaşmalar çərçivəsində İrana və ya İslam İnqilabi Keşikçiləri Korpusuna birbaşa ödəniş etməyib.







