Böyük Britaniyanın fintex şirkəti “Revolut” gələcək birja çıxışı zamanı dəyərini 150–200 milyard dollar səviyyəsinə çatdırmağı planlaşdırır. Bu barədə şirkətin planları ilə tanış olan investorlara istinadən “Financial Times” məlumat yayıb.
Qəzetin qeydinə görə, əgər “Revolut” bu ssenarini reallaşdıra bilsə, onun təsisçisi Nik Storonski dünyanın ən varlı insanlarından birinə çevrilə bilər.
Məlumata əsasən, rəsmi hədəf hələ təsdiqlənməsə də, bank rəhbərliyi artıq bu rəqəmləri investorlarla müzakirə edir, IPO-nun isə ən tez 2028-ci ildə baş tutacağı gözlənilir.
2025-ci ilin noyabrında şirkətin dəyəri 75 milyard dollar təşkil edib ki, bu da 2024-cü illə müqayisədə (45 milyard dollar) demək olar iki dəfə çoxdur. Artımın əsas amillərindən biri Böyük Britaniyada tam bank lisenziyasının əldə edilməsi olub ki, bu da depozitlərin birbaşa qəbuluna və kreditlərin verilməsinə imkan yaradır. Yaxın zamanda şirkət həmçinin ikinci dərəcəli səhm satışı hazırlayır ki, bu da “Revolut”u 100 milyard dollardan yuxarı qiymətləndirə bilər.






