Rusiyalı Nikolay Storonski və ukraynalı Vlad Yatsenko tərəfindən təsis edilmiş rəqəmsal bank platforması “Revolut” səhmlərin ilkin kütləvi təklifinə (IPO) 2028-ci ildən tez çıxmağı planlaşdırmır. Bu barədə Storonski bildirib, “Bloomberg” yazır.
O qeyd edib ki, yerləşdirmədən əvvəl şirkət əlavə olaraq ikinci dərəcəli səhmlərin satışını da nəzərdən keçirə bilər.
Martın 24-də “Revolut” 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb. Platformanın gəliri ötən il illik müqayisədə 46% artaraq 6 milyard dollara (4,5 milyard funt) çatıb. Bu artım ödənişli abunələrin sayının artması və investisiya xidmətlərinin genişlənməsi hesabına baş verib. Vergidən əvvəl mənfəət isə 57% artaraq rekord səviyyə olan 2,3 milyard dollara (1,7 milyard funt) yüksəlib.
Hesabat dövründə şirkətin pərakəndə müştərilərinin sayı üçdə bir artaraq 68,3 milyon nəfərə çatıb. Bununla yanaşı, ödənişli abunələrdən əldə olunan gəlirlər də əhəmiyyətli dərəcədə artıb — 67% yüksələrək 936 milyon dollar təşkil edib. Ödəniş xidmətlərinin uğurlu inkişafı komissiya gəlirlərinə də təsir edib: kart əməliyyatlarından daxilolmalar 45% artaraq 1,3 milyard dollara çatıb.






