“Revolut”un dəyəri 115 milyard dollara çata bilər

Fintex şirkəti “Revolut” əməkdaşlara və erkən investorlarına məxsus səhmlərin ən azı 750 milyon dollar həcmində ikinci dərəcəli satışını həyata keçirməyi planlaşdırır. “The Information” nəşrinin məlumatına görə, bu əməliyyat şirkətin 109 milyard dollar dəyərləndirilməsi əsasında baş tuta bilər.

Mənbələrin sözlərinə görə, satış artıq bu həftə başlaya bilər. Yüksək investor marağı səbəbindən əməliyyatın həcmi əhəmiyyətli dərəcədə arta bilər. Nəşrin həmsöhbətlərindən biri bildirib ki, tələb təklifi 2 milyard dollara qədər artırmağa imkan verir. Bununla belə, yekun məbləğ əməkdaşların və səhmdarların nə qədər səhmi satışa çıxarmaq istəyəcəyindən asılı olacaq.

The Information” qeyd edir ki, opsionlar da nəzərə alınarsa, “Revolut”un bazar dəyəri 115 milyard dollara qədər yüksələ bilər.

Bu barədə daha əvvəl “Bloomberg” də məlumat yayıb. Agentliyin hesablamalarına görə, şirkət bu hədəfə çatarsa, “Revolut”un həmtəsisçisi Nikolay Storonski əlavə səhmlər əldə edəcək və onun payının dəyəri ən azı 36 milyard dollara yüksələcək. “Forbes”in məlumatına görə, Storonskinin sərvəti hazırda təxminən 18,8 milyard dollar təşkil edir.

2025-ci ilin noyabrında keçirilən son səhm satışında “Revolut” 75 milyard dollar dəyərində qiymətləndirilmişdi. Storonski daha əvvəl “Bloomberg”ə müsahibəsində bildirib ki, şirkət birjaya çıxmazdan əvvəl əlavə səhm satışları həyata keçirə bilər. Onun sözlərinə görə, “Revolut”un IPO-su ən tez 2028-ci ildə baş tuta bilər.

Storonski “Revolut”u 2015-ci ildə ukraynalı proqramçı Vlad Yatsenko ilə birlikdə təsis edib. O, 2022-ci ilə qədər Rusiya vətəndaşı olub və daha sonra Rusiya pasportundan imtina edib.

Mart ayında “Revolut” Böyük Britaniyada tam bank lisenziyası əldə edib. Şirkət hazırda ABŞ-də də bank lisenziyası almağı gözləyir. “Revolut” 2020-ci ildən ABŞ bazarında tərəfdaş banklar vasitəsilə fəaliyyət göstərir. Storonskinin sözlərinə görə, ABŞ lisenziyasının alınması bir ilə qədər çəkə bilər, lakin şirkətin rəsmi hədəfi bu prosesi dörd ay ərzində tamamlamaqdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər