17 C
Baku
Saturday, May 18, 2024

Riskli kreditlər brendlərdən deyil, müştərilərdən asılıdır

Müsahibimiz: NBC Bankın Biznesin İnkişafı departamentinin müdiri Səid Qasımov

İstər şəhərimizin yerli sakinləri, istər də gələn əcnəbi qonaqlar etiraf edirlər ki, bu gün bizdə yollarda maşınların sayı həddindən artıq çoxdur, eyni zamanda bu avtomobillərin əksəriyyəti məhz kreditlə alınır. Doğurdanmı avtomobil krediti əldə etmək belə asandır?

Bilirsinizmi, son vaxtlar, banklar arasında rəqabət daha da artdığına görə, bu prosesi tək avtomobil kreditlərinə yox, eyni zamanda bir çox digər kreditlərə də şamil etmək olar. Son vaxtlara qədər bir çox banklar məhz bankda yox, partnyor mağazalarında və ya səyyar məntəqələrdə kreditləri rəsmiləşdirirdirlər. Təbii ki, bu proses təhlilin keyfiyyətinə, aidiyyəti olan şəxslər tərəfindən nəzarətin aparılmasına mənfi təsir göstərirdi və eyni zamanda kreditin verilməsi anında arzuolunmaz halların çoxalmasına gətirib çıxara bilərdi. Yalnız Mərkəzi Bank tərəfindən bu proseslərə qadağa qoyulandan sonra, bu cür əməliyyatlar dayandırılıb. Lakin bu prosesdən sonra banklar arasında rəqabət daha da artmışdır. Bu gün demək olar ki, bir çox banklar müəyyən məbləğə qədər, yalnız şəxsiyyət vəsiqəsi ilə və hətta zaminsiz kreditləri rəsmiləşdirirlər. Ümumi olaraq rəqabət müştərilər üçün müsbət bir haldır, çünki müştərinin seçim imkanı geniş olur və daha da rahat şərtlərlə kredit əldə etmək imkanı əldə edir. Fikrimcə yalnız şəxsiyyət vəsiqəsi ilə kreditlərin verilməsi müştərilər üçün rahat olsa da, özünəməxsus riskə malikdir. Bugünkü gündə, ilkin ödəniş tələblərini yetirməklə, demək olar ki, bütün avtomobil salonlarından Siz avtomobili əldə edə bilərsiniz, hətta ilkin ödənişə əlavə tələb olduğu halda belə bankın təhlili minimumlaşdırılır.

Kredit mütəxəssisləri avtomobil kreditlərinin rəsmiləşdirilməsi zamanı ən çox hansı nüanslara diqqət yetirməlidir? Heç olur ki, kredit verilişi zamanı müştərinin bundan öncəki sürücülük təcrübəsini, törətdiyi qəzaları və ya cərimələrin miqdarını, ümumiyyətlə vəsiqəsinin olub-olmamasını nəzərə almısınız?

Təbii. Çünki avtomobil krediti rəsmiləşdirilən zaman, müştərinin aldığı avtomobil banka girov qoyulur. Heç bir bank istəməz ki, onun girovu ilə gələcəkdə problemləri olsun. Bunun üçün kreditin rəsmiləşdirilməsi zaman, müştəri haqqında maksimum məlumatlar toplanır. Onun gəliri haqqında məlumat əldə edilir, kredit tarixçəsi (bu məlumat Mərkəzləşdirilmiş Kredit Reyestrindən əldə olunur), sürücülük təcrübəsi və s. nəzərə alınır. Ümumiyyətlə kreditlərin rəsmiləşdirilməsi zamanı, əsas “6C” prinsiplərinə diqqət verilməlidir. “6C” prinsipi haqqında daha ətraflı məlumatı Siz internet vasitəsilə əldə edə bilərsiniz. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, girov predmeti kredit verilməsi üçün əsas hesab olunmamalıdır. Çünki hazırkı vəziyyəti nəzərə alsaq, girov götürülmüş əmlakın satılaraq, kredit borcuna yönləndirilməsi bir neçə ay və bəzən 1 ildən də artıq vaxt tələb edir. Bu isə kifayət qədər, vəsait və vaxt itkisinə səbəb olur. Ona görə də, bütün gənc kredit mütəxəssislərinə tövsiyə edərdim ki, kredit verilərkən, ilk növbədə müştərinin işgüzar nüfuzuna, ödəniş qabiliyyətinə və şəxsi keyfiyyətinə xüsusi diqqət yetirsinlər. Kreditə zamin götürdükdə, bu zaman zaminlik formallıq üçün götürülməməli, eyni zamanda kreditin ödənilməsi üçün real təminatçı rolunu oynamalıdır.

Avtomobil kreditlərinin rəsmiləşdirilməsi və kreditlərin geri qaytarılması prosesindən ən çox problem törədən müştərilər, yəni ən riskli müştərilər hansı seqmentə məxsusdur, həmçinin də bunun əksinə olaraq, hansı müştərilərlə olduqca rahat işləyirsiniz?

Demək olmaz ki, konkret bir sektor var ki, ona aid müştərilər daha çox problem yaradırlar. Əsas problemlər, avtomobil yararsız vəziyyətə düşdüyü halda, sığorta şirkəti bu və ya digər səbəbdən ödəniş etmədikdə, avtomobil mülki etibarnamə ilə kreditdə qala-qala satıldığı halda və müştəri iş yerini itirdiyi halda olur.

Amma yenə də, müqayisə edən zaman, dövlət sektorunda, tanımış, böyük şirkətlərdə çalışan və əmək haqqı yüksək olan müştərilər Banklara nisbətən az problemlər yaradırlar.

NBC bankda avtomobil kreditləşməsinin özəlliyi, yəni onu digər banklardan fərqləndirən xüsusiyyətlər hansılardır? Kreditin verilməsi prosesi hansı mərhələləri əhatə edir?

NBC Bankdan Siz Nurgün Motors-un rəsmi distributoru olduğu “Nissan”, “Renault”, İnfiniti və Ford avtomobillərinin kreditləşdirilməsini həyata keçirə bilərsiniz. Əsas fərqləndirici xüsusiyyət kimi, fasiləsiz olaraq müxtəlif kampaniyaların keçirilməsi və bir neçə saat ərzində müştərinin avtomobilə sahib olmasını qeyd etmək olar. NBC Bank artıq uzun müddətdir ki, avtomobil kreditlərində demək olar ki, lider banklardandır. Bankda kifayət qədər professional əməkdaşlar çalışırlar və Bankın əsas məqsədlərdən biri odur ki, müştərilərə maksimum yüksək xidmət göstərilsin.

Hazırda bazarda hansı avtomobillərə daha çox meyl və tələbat vardır, bank yanaşması baxımından hansı avtomobillərə kredit verilməsi bank üçün daha az riskli və daha çox sərfəlidir?

İnsanların zövqləri fərqlidir. Amma əsasən Azərbaycanda Alman, Yapon və Koreya modelləri olan avtomobillərə daha böyük maraq var. Riskli kreditlər brendlərdən asılı deyil, müştərilərilərdən asılıdır. Düşünməyin ki, bahalı avtomobil alan müştəri, daha da böyük qazanca malikdir və belə kreditlərdə problemlər az olmalıdır. Reallıqda bu cür avtomobillərdə də problemlər olur. Hər bir müştəri avtomobil krediti götürməzdən əvvəl, seçimi düzgün edərək, öz gəlirini dəqiq hesablamalıdır. Bu işdə bankların üzərinə böyük bir yük düşür ki, bunları müştərilərə çatdırsın və müştərilərdə kredit mədəniyyətinin formalaşmasına yardımçı olsunlar.

Bilirik ki, bəzən kreditdə olan avtomobillər xalq arasında “mülki etibarnamə” adı ilə tanınan sənəd əsasında alınıb-satılır və belə hallar bəzən bankın portfelində problemli kreditlərin yaranmasına gətirib çıxarır. Bu kimi hallarla necə mübarizə aparırsınız və NBC bank kredit portfelini sağlam etmək üçün kreditin ikinci dəfə rəsmiləşdirilməsini həyata keçirirmi?

Zəruri hallarda avtomobillərin yenidən rəsmiləşdirilməsi həyata keçirilir. Bu zaman yeni müştərinin ödəniş qabiliyyəti araşdırılır və son qərarda nəzərə alınır.

Mülki etibarnaməyə gəldikdə, qeyd etmək istəyirəm ki, belə hallar NBC Bankda da olur. Bizim əməkdaşlar bütün müştərilərə maksimum izah etməyə çalışırlar ki, mülki etibarnamə ilə avtomobil satmasınlar və eyni zamanda almasınlar. Mülki etibarnamə ilə satan üçün əsas problemlərdən biri odur ki, yeni müştəri müxtəlif səbəblərə görə kreditini ödəməyə də bilər, lakin kreditə görə məsuliyyət o yox, məhz müştəri daşıyır. Alan üçün də, bu risklidir, çünki, avtomobilin keçmiş sahibinin məhkəmə qərarı ilə əmlakına həbs qoyulduğu halda etibarnamə ilə alınan avtomobillə bağlı da ciddi problemlər yaşana bilər,

Avtomobil kreditləşməsinin ən riskli tərəfləri hansılardır?

Risklər çoxdur, amma düşünürəm ki, əsas risklər girovun likvid dəyərinin itirilməsi, mülki etibarnamə ilə satılması və yararsız vəziyyətə düşməsi sayılır. Eyni zamanda, Biznes kreditlərdən fərqli olaraq, avtomobil kreditləri ekspress kreditləri sayılır və belə olan halda müştərinin təhlili nisbətən zəif olur.

Avtomobil kreditləşməsində fırıldaqçı müştərilərə rast gəlmək olur. Bir müddət əvvələ qədər kreditdə olan avtomobillərin qaçırılması, ölkədən çıxarılması, hissə-hissə edilərək satılması tez-tez rastlanan hadisələrdən idi. Bəs indi vəziyyət necədir?

Belə hallar da olub. Düzdür, son vaxtlar belə hallar demək olar ki, yoxdur. Belə halların qarşısını almaq üçün, ilk növbədə krediti rəsmiləşdirməmişdən əvvəl imkan daxilində maksimum müştərinin təhlili və müştəri haqqında maksimum məlumat əldə edilməsi ilə bu cür problemləri minimumlaşdırmaq lazımdır. Lakin bu cür hallar baş verdiyi halda, ilkin olaraq bankın Təhlükəsizlik və Problemli Kreditlər ilə iş şöbəsi öz işini görür, son mərhələdə isə, əgər nəticə yoxdursa Hüquq şöbəsi işə müdaxilə etməli olur.

Təşəkkür edirik.

Son xəbərlər
 ⁠
Digər xəbərlər