10 C
Baku
Thursday, December 12, 2024

Rusiya Avropaya ‘qaz zərbəsi’ endirə bilərmi

Avropa İttifaqı (Aİ) bu il Rusiyadan təbii qaz idxalını əhəmiyyətli dərəcədə azalda biləcəyini, onilliyin sonuna isə buna son qoyacağını bildirir. Bu nə dərəcədə realdır və Rusiya Aİ-yə qaz ixracını daha tez kəsərək iqtisadi dağıntıya səbəb ola bilərmi? “Radio Free Europe/Radio Liberty”nin (RFE/RL) əməkdaşı Tod Prins bu suala cavab axtarır.

Aİ avqustdan Rusiyadan kömür idxalını yasaqlayıb. Bu həftə isə blok 2023-cü ilin yanvarından Rusiyadan neft idxalını dayandıracağını elan edə bilər.

Ancaq qaz məsələsi elə də sadə deyil. Çünki 27 üzvü olan blok qısamüddətli perspektivdə iqtisadiyyata zərbə vurmadan Rusiya qazını əvəzləyə bilməz.

RUSİYANIN MESAJI

Rusiya ötən həftə Aİ üzvləri Polşa və Bolqarıstana qaz tədarükünü dayandırdı. Avropa rəsmiləri və təhlilçilər bunu Putinin Aİ-ni parçalamaq cəhdi, blokun qalan hissəsinə xəbərdarlığı kimi yozdu.

“Putin Avropanı fəsadlara inandırmağa çalışır, Avropanın Ukraynaya dəstəyə görə bədəl ödəyəcəyini göstərir”, – Vilson Mərkəzinin Kennan İnstitutunun direktoru vəzifəsini icra edən Uil Pomeranz deyib. Təhlilçinin fikrincə, iqtisadiyyata, əhaliyə ziyan dəyərsə, Almaniya, Fransa, yaxud başqa ölkələr deyə bilərlər ki, “buna dəyməz”.

Avropada artıq bu məsələni dilə gətirənlər var. Almaniyanın Maliyyə naziri Kristian Lindner apreldə Aİ-nin Rusiyadan qaz idxalına “yaxın gələcəkdə” embarqosuna qarşı çıxıb, deyib ki, bu, “onlardan çox bizə ziyan vurar”.

Almaniya Aİ-də Rusiya qazının ən böyük müştərisidir, ötən il 155 milyard kubmetr qaz idxal edib. Bu isə Aİ-nin 2021-ci il üzrə qaz istehlakının təxminən 40 faizinə bərabərdir.

AVROPA KOMİSSİYASININ PLANLARI

Avropa Komissiyası martda bildirib ki, bu il Rusiyadan qaz idxalını təxminən 100 milyard kubmetr azaldacaq, “2030-cu iləcən” tamamilə dayandıracaq.

Komissiyanın planı belədir ki, 50 milyard kubmetrlik super-soyudulmuş mayeləşdirilmiş qaz (LNG), bundan başqa, Rusiyadan kənar mənbələrdən kəmərlərlə 10 milyard kubmetr qaz əldə etsin. Həmçinin bu il işə salınacaq günəş və külək enerjisi layihələri ilə istehlakı 20 milyard kubmetr azaltmaq, səmərəliliyi artırmaq yoluyla isə 14 milyard kubmetr qənaət etmək planlaşdırılır.

Ancaq Osloda yerləşən “Rystad Energy” tədqiqat şirkətinin təhlilçisi Karlos Dias 2022-ci il hədəfini “bir az problemli” hesab edir, çünki mövcud nüvə və su-elektrik stansiyalarında enerji istehsalı azala bilər.

“Hədəfə yaxınlaşa bilərlər, amma enerji sektorunda qazı əvəzləmək imkanı məhduddur”, – təhlilçi radioya deyib.

Son xəbərlər
Digər xəbərlər