Rusiya qırıcıları son sutka ərzində Ukraynaya məxsus iki Su-25 hücum təyyarəsini vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
“Əməliyyat-taktiki və ordu aviasiyası üç komanda məntəqəsini və canlı qüvvənin və hərbi texnikanın cəmləşdiyi 25 ərazini vurub. Hava zərbələri nəticəsində 150-dən çox millətçi, altı tank, beş səhra artilleriya silahı və müxtəlif təyinatlı 10 xüsusi texnika məhv edilib. Qırıcı təyyarələr Donetskin Rayqorodok və Çerkasskoe rayonlarında Ukraynanın Hərbi Hava Qüvvələrinə məxsus iki Su-25 təyyarəsini vurub”, – deyə Rusiya MN sözçüsü vurğulayıb.
Konaşenkov Rusiyanın hava hücumundan müdafiə sistemlərinin ötən sutka ərzində Xarkov vilayətinin Dolqenkoye rayonunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus daha bir Su-25 təyyarəsini vurduğunu da söyləyib. Onun sözlərinə görə, ötən sutka ərzində Ukraynaya məxsus səkkiz pilotsuz uçuş aparatı da vurulub.