22 C
Baku
Friday, April 26, 2024

Rusiya qazına əvəz tapılacaqmı?

Rusiya-Ukrayna gərginliyi fonunda müharibəylə yanaşı əsas müzakirə mövzularından biri köhnə qitənin qaz təhcizatı məsələsidir. Avropa Birliyi ölkələrinin qaz tələbatının təxminən 40 faizini Rusiya ödəyir. Kreml əmindir ki, Avropa ölkələri bütün hallarda Rusiya qazından imtina edə bilməyəcək. Avropalı ekspertlər də təxminən eyni fikirdədirlər. Ancaq Vaşinqtonda fərqli düşünürlər.

Vaşinqtonda Avropanı Rusiyanın qaz asılılığından xilas etmək üçün bir neçə alternativ üzərində düşünürlər. Birinci alternativ elə ABŞ-ın özünün Avropa ölkələrinə sıxılmış qaz satışını təmin etməkdir. İkinci alternativ Azərbaycanın Avropa ölkələrinə qaz satışını artırmasıdır. Üçüncü alternativ Qətərdir. Vaşinqton və Brüssel Qətərlə yanaşı qaz ehtiyatları olan Misir və Əlcəzairlə də danışıqlar aparırlar.

Sıxılımış qazın Avropaya çatdırılması baha başa gəlir. Digər tərəfdən Vaşinqton görəndə ki, Avropada onun sıxışlmış qazına maraq azdır, alternativ bazarlara yönəldi. Azərbaycan TANAP və TAP boru xətləri üzərindən Cənubi Avropa ölkələrinə qaz satır. Bəzi ölkələrdə Azərbaycanın qaz payı getdikcə artır. Buna baxmayaraq, Azərbaycanın Avropaya satdığı qazın həcmi Rusiyanın köhnə qitəyə satdığı qazın həcmiylə müqayisədə xeyli azdır. Azərbaycan Avropaya satdığı qazın həcminin artırsa da, Rusiya qazına alternativ ola bilməyəcək.

Qətərə gəldikdə bu istiqamətdə danışıqlar intensivləşib. ABŞ prezidenti Co Bayden yanvarın 31-də Qətər əmiri Şeyx Təmin bin Həməd Al Sani ilə Ağ Evdə görüşərək fikir mübadiləsi aparıb. Qətər ABŞ-ın bölgədə strateji tərəfdaşlarındandır. Amerikanın bu ölkədə hərbi bazası mövcuddur. Vaşinqton Qətərin Avropaya qaz ixracını artırmasını arzulayır. Əlbəttə, Qətər strateji tərəfdaşının sözünü yerə salmaq istəməz. Ancaq Qətər illərdir Asiya bazarlarına hədəflənib və qəfil bu bazardan üz döndərə bilməz.

Co Baydenin Qətər əmirini Vaşinqtona dəvət etməsinin başqa səbəbi də va idir. Qətər ərəb ölkələri içərisində Tehranla isti münasibətləri olan azsaylı ölkələrdəndir. İranla nüvə danışıqları isə dalana dirənib. Vaşinqton Qətərin İranla sıx münasibətlərindən yararlanaraq Dohanın da vasitəçilik imkanlarından faydalanmaq istəyir. Təsadüfi deyil ki, Qətərin xarici işlər naziri yanvarın 27-də Tehrana gedərək iranlı həmkarıyla geniş müzakirə aparıb.

Əslində Vaşinqton Tehranla nüvə məsələsini həll etsə, İran qazının da gələcəkdə Avropaya nəqli imkanları müzakirə oluna bilər. Digər tərəfdən Türkiyə İsraillə dialoqu genişləndirib. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan israilli həmkarını Ankaraya dəvət edib. İki ölkə arasında münasibətlər sürətlə normallaşarsa İsrail qazının da Türkiyə üzərindən Avropaya ixracı mümkündür.

Beləliklə, Avropa Rusiyadan qaz asılığını azaltmaq üçün bütün alternativləri hərəkətə gətirmək məcburiyyətindədir. Rusiya Ukraynaya hərbi müdaxilə edərsə köhnə qitənin işğalçının qazından hələ də imtina etməməsinin  mənəvi tərəfi olacaq. Kremlin özü də Avropanın istənilən addımına hazırlaşıb. Məhz buna görə Rusiya bir neçə il əvvəl Çinə qaz ixrac edən boru xətti çəkib. Rusiya Avropaya sata bilməyəcəyi qazı Çinə satacaq. Böyük iqtisadiyyata malik Çin istənilən həcmdə qaz almağa hazırdır. Ancaq bu halda Rusiya Çin bazarından asılı vəziyyətə düşəcək. Bu isə Rusiya üçün daha az təhlükə demək deyil.

Elxan Şahinoğlu,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər