Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) adı məlum olub.
Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb.
Məsələ müzakirə edildikdən sonra səsverməyə çıxarılıb. Səsvermə nəticəsində Səbinə Əliyeva Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.
Bu gün yeni Ombudsman seçilən Səbinə Əliyeva səsvermədən sonra and içib. S. Əliyeva çıxışında Prezident İlham Əliyevə təşəkkür edib: “Bu vəzifəyə seçilmək mənim üçün böyük şərəfdir. Mənim namizədliyimi irəli sürən Prezident İlham Əliyevə və məni seçən parlament üzvlərinə minnətdaram. Ombudsman fəaliyyətinin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
Qeyd edək ki, bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyini irəli sürülmüşdü. Namizədlər Bakı Apelyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva idi.
Xatırladaq ki, hazırda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovadır. O, 2002-ci ildən Ombudsmandır. Onun səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.