6 C
Baku
Sunday, December 15, 2024

Sədr: “Bankların itkisi 1,8 milyard dolların üzərindədir” — MÜSAHİBƏ

Banklar Assosiasiyasının sədri: “Problemli kreditlər məsələsinin həlli üçün qanunvericilikdə bir sıra dəyişikliklərin qəbul olunması bu problemin həllinə kömək göstərə bilər”

Maliyyə Bazarlarına Nəzarət Palatasının sonuncu açıqlamasında ifadə olunan rəqəmlər Azərbaycanda bank sektorunun durumunda az da olsa müəyyən irəliləyişlərin olmasından xəbər verir. Belə ki, Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 avqust 2017-ci il tarixinə cəmi aktivləri  29 mlrd. 491,7 mln. manat, cəmi öhdəlikləri isə 26 mlrd. 568,2 mln. manat təşkil edib. Sektorun balans kapitalı 3 milyard manata yaxın, əhalinin əmanətləri 6 mlrd. 871,7 mln. manat olub.

Bəs, görəsən, vəziyyət həqiqətənmi müsbətə doğru dəyişir? Son aylarda bank sektorunun inkişafına yönələn qanunverici aktlar pozitiv dəyişikliyə səbəb olubmu?

Bu və digər sualları Banklar Assosiasiyasının Rəyasət Heyətinin sədri Zakir Nuriyev mənbəyə müsahibəsində cavablandırdı.

– Zakir müəllim, Azərbaycan bank sektorunun durumu ilə bağlı rəqəmlərdəki pozitiv dəyişikliklər nədən xəbər verir? Sağlamlaşdırma prosesində hansısa uğurlar əldə olunubmu?

– Məlumatlardan da göründüyü kimi, artıq bankların bir çoxu gəlir generasiya etməyə başlayıblar. Bankların gəlir generasiya etməsi ümumilikdə sektor üzrə mənfəətlə çıxmanı təmin edib. Lakin ayrı-ayrı banklarda yenə də zərər həcmləri qalmaqda davam edir. Çünki bankların əldə etdiyi gəlirlərin  bir hissəsi mövcud olan itkilərin və əvvəlcədən yaranmış zərərlərin  bağlanmasına yönəlib. Ona görə də bankların gəlir generasiya etməsinə rəğmən, aktiv mənfəətin həcmi əldə etdikləri  mənfəətin həcmindən daha kiçikdir. Eyni zamanda bütövlükdə iqtisadiyyatda gedən dinamik proseslər, “Nağdsız hesablaşmalar  haqqında” qanunun qəbul edilməsi və onun tətbiqi bankların depozit bazasının formalaşmasına, yalnız bir  pozisiyadan asılılığının aradan qaldırılmasına  dəstək oldu. Hazırda bütün növ əməliyyatların, köçürmələrin banklar vasitəsilə həyata keçirilməsi, əməkhaqlarının ona bərabər  ödənişlərin tamamən banklar tərəfindən  kartlar vasitəsilə həyata keçirilməsi bankların gəlir generasiya etməsinə şərait  yaratdı. Yəni təkcə bank sektorunda gedən proseslər deyil, eyni zamanda bank sektoruna birbaşa təsir göstərən, fəaliyyətdə olduğu mühitin özündə baş verən dəyişikliklər də bu sektorda müsbət dinamikanın  yaranmasına təsir göstərən amillər sırasındadır.

– Banklar kredit verilişini, tam şəkildə olmasa da, müəyyən qədər bərpa ediblər. Lakin yenə də manatla kreditlər üzrə faiz dərəcələri yüksək olaraq qalmaqdadır. Banklar öncəki acı təcrübədən dərs çıxarmayıbmı?

– Bəzi yerlərdə qeyd olunur ki, bank faizləri 30 faizdən yüksəkdir. Bankların 30 faizdən yuxarı kredit verməsi haqqında  bizdə məlumat yoxdur. Mən deyərdim ki, hazırda  banklar faiz dərəcəsini əvvəlki dövrlə müqayisədə aşağı salıblar. Bu gün valyuta kreditləri üzrə faiz dərəcəsi 5 faizdən başlayır və 10 faizə qədər davam edir. Eyni zamanda manatla kreditlərdə faizlər bir qədər yüksəkdır. Bunun səbəbi isə manat üzrə qorunan əmanətlərin faiz dərəcəsinin 15 faizdən başlamasıdır. Bunun üzərində bankların risk marjasını , əməliyyat xərclərini də gələndə manat kreditləri daha yüksək faizlə verilmiş olur. Ancaq bir daha vurğulamaq istəyirəm ki, bugünkü səbəb bank sektorunun kənarında olan təsirlərdir.  Yəni tələbin yönəldilməsi, girovların özgəninkiləşdirilməsi və reallaşdırılması ilə bağlı olan və ona bərabər digər risklərin yüksək olması manat kreditlərində risk marjasını artırıb. Valyuta kreditləri üzrə faiz dərəcəsinin aşağı düşməsinin səbəbi isə odur ki, valyuta ilə olan qorunan əmanətlərin faiz dərəcəsi 3 faiz müəyyən edilib. Əksər banklar isə əmanətləri 3 faizin altında qəbul edirlər. Bu da imkan verir ki, banklar valyuta ilə olan əmanətlərin faiz dərəcələrini aşağı sala biliblər. Əgər biz bu gün bank sektorundan kənarda olan, yəni girov mexanizminin reallaşması üzrə olan tədbirləri həyata keçirə bilsək, qanunvericilikdə müvafiq dəyişikliklərin olmasını başa çatdırsaq, bu proses rahat olsa , o zaman faizlər də aşağı düşə bilər.

– Zakir müəllim, faizlərin yüksək olmasında problemli kreditlərin həcminin artması ehtimalını da gözardı etmək olmaz. Ümumilikdə bu məsələdə bankların üzərinə düşən vəzifə nədir? Digər tərəfdən, problemli kreditlərin bank sektorunda yaratdığı çətinliklər hansılardır?

– İstər Avropanın inkişaf etmiş ölkələrində, istərsə Çində iqtisadi şəraitin  dəyişdiyi bütün hallarda ilk olaraq bank sektoru təsirə məruz qalır. Hazırda Azərbaycanda da proses bu şəkildə baş verir. Bu zaman problemli kreditlərin yaranmasının əsas səbəbi borcalanların öz borclarına xidmət edə bilməməsidir. Təbii olaraq,  bu proses bəlli bir zaman aldı, bu zaman içində də banklar öz itkilərini tanımalı oldular.  Bu itkilərin səviyyəsi 1,8 milyard dolların üzərindədir. Bu problem isə sektorun inkişafına böyük zərbə vurmuş oldu. Bir sıra banklarda vəziyyət gərginləşdi. Problemli kreditlər bütün zamanlarda olub.  Ancaq söhbət onun ümumi kredit portfelinin tərkibində  hansı həcmdə olmasından gedir. Qarşıda duran məsələ odur ki,  bu zərərlər mövcuddur və banklar onu tanıyıblar. İqtisadiyyat da, borcalanlar da bu zərəri tanımalıdırlar və mövcud vəziyyətin birlikdə həlli yolu tapılmalıdır. Ola bilməz ki, bütün itkilər bankların üzərində qalmış olsun.  Bank sektoru bütövlükdə mənfəətlə çıxsa da, ayrı-ayrı banklar üzrə zərərlərin həcmi böyük məbləğdə qalmaqda davam edir.  Əgər banklar bu zərəri tanıyıblarsa, bunu öz gəlirləri hesabına qismən bağlamağa başlayıblarsa, borcalanlar da  bu zərəri tanımalı və borcların ödənilməsini təmin etməlidirlər. Girovların uzun sürən özgəninkiləşdirilməsi və reallaşdırılması prosesi, həmin vəsaitlərin bərpasına bu qədər zaman xərclənməsi təbii olaraq bu sektora mənfi təsir göstərir. Hesab edirik ki, problemli kreditlər məsələsinin həlli üçün qanunvericilikdə bir sıra dəyişikliklərin qəbul olunması ilin sonuna qədər bu problemin həllinə kömək göstərə bilər.

Son xəbərlər
Digər xəbərlər