Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda Səudiyyə Ərəbistanının müdafiə nazirinin müavini Xalid bin Salman ilə Yəmən Prezident Şurasının sədri Rəşad əl-Alimi görüşüb.
Banker.az xəbər verir ki, bu barədə Yəmən Prezident Şurasının yazılı açıqlamasında məlumat verilir.
Açıqlamada Səudiyyə Ərəbistanının Yəməndə 400 milyon dollarlıq inkişaf layihəsi paketini dəstəkləyəcəyi və hökumətə məxsus elektrik stansiyalarına yanacaq üçün 200 milyon dollarlıq dəstək verəcəyi bildirilir. Paket enerji, nəqliyyat, təhsil, səhiyyə və dövlət qurumlarının inşaatı daxil olmaqla, 6 əhəmiyyətli sahədə 17 inkişaf proqramınə əhatə edir.
Açıqlamada o da bildirilib ki, hazırlanan layihənin icra prosesinə nəzarət etmək üçün yüksək səviyyəli komitə yaradılacaq.
Qeyd edək ki, Yəməndəki husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir. Ölkədə illərdir davam edən qarşıdurmalarda 377 min insan həyatını itirib. Dünyanın ən kasıb ölkələri arasında yer alan Yəməndə vətəndaş müharibəsi səbəbindən böyüyən humanitar böhran dəhşətli ölçülərə çatıb.