Səudiyyə Ərəbistanının dövlət neft şirkəti Saudi Aramco əsas neft markası olan Arab Light üçün qiyməti bir barel üzrə $4 azaldıb. Beləliklə, iyun ayında regional etalonlara əlavə olunan premium $15,50 təşkil edəcək. Bloomberg-in sorğuladığı doqquz treyder və neft emalı şirkəti nümayəndəsi qiymətin $8 endiriləcəyini gözləyirdi.
Həyati əhəmiyyət daşıyan Hörmüz boğazından gəmilərin keçidi bağlandığı üçün Fars körfəzinin ən iri neft istehsalçıları faktiki olaraq qlobal bazarlardan təcrid olunub. Səudiyyə Ərəbistanı isə hələ də xammalının bir hissəsini ölkənin qərbində, Qırmızı dəniz sahilində yerləşən Yanbu limanına gedən boru kəməri vasitəsilə ixrac edə bilən azsaylı ölkələrdən biridir.
Treydərlər anonimlik şərti ilə bildiriblər ki, Aramco-nun rəsmi tarifləri neft emalı müəssisələri üçün yekun qiymətdən fərqlənə bilər, çünki bu tariflər Fars körfəzində yerləşən Ras-Tannura limanından yüklənən neftə tətbiq olunur. Yanbudan tədarüklər üçün isə boru kəməri ilə daşınma və digər logistika xərcləri yarana bilər.
Aramco öz xammalının qiymətini hesablamaq üçün Dubay və Oman neft etalonlarından istifadə edir. Yaxın Şərqdəki müharibənin regionda qiymətlərin müəyyənləşdirilməsi üçün istifadə olunan neft həcmlərində çatışmazlıq yaratmasından sonra bu indekslər olduqca dəyişkən olub. Mart ayında kəskin artımdan sonra regional neft növlərinin qiymətləri apreldə bir qədər geriləyib.
Qlobal etalon sayılan Brent markalı neft münaqişənin başlanmasından bəri 50%-dən çox bahalaşıb. Son günlərdə qiymət ABŞ və İran arasında danışıqların dalana dirənməsi fonunda son dörd ilin maksimumuna yüksəlib. Tərəflər nə Hörmüz boğazı, nə də daha geniş geosiyasi məsələlər üzrə razılığa gələ bilmir.
Bazar günü Səudiyyə Ərəbistanı və Rusiyanın rəhbərlik etdiyi OPEC+ ölkələri hasilat kvotalarının nominal və simvolik şəkildə artırılması barədə razılığa gəliblər. Faktiki artım isə Hörmüz boğazının açılmasından və ölkələrin dayandırılmış hasilatı bərpa etmək imkanından asılı olacaq.
BƏƏ də Hörmüz boğazını yan keçən boru kəmərinə malik olan digər iri Fars körfəzi istehsalçısıdır. Səudiyyə Ərəbistanı kimi, BƏƏ-nin də əlavə hasilat gücləri mövcuddur. Ölkə bu ay hasilat məhdudiyyətləri siyasətinə bağlı qalmaq istəmədiyi üçün OPEC-dən çıxıb.






