Sabiq nazir müşaviri deyir ki, Azərbaycan iqtisadiyyatı transformasiya mərhələsindədir

İqtisadiyyat nazirinin sabiq müşaviri Emil Məcidov hesab edir ki, Azərbaycanda iqtisadiyyatın siyasi sabitlik naminə qurban verilməsi barədə fikirlərlə razılaşmaq olmaz. Onun sözlərinə görə, ölkə hazırda neft gəlirlərinə əsaslanan inkişaf modelindən daha səmərəli iqtisadi modelə keçid mərhələsindədir.

Banker.az xəbər verir ki, iqtisadçı Fərhad Pərvizə verdiyi müsahibədə bunu deyib.

Mövzu iqtisadçı F.Pərvizin Azərbaycanın 2015-ci il devalvasiyasından sonra iqtisadi artımın zəifləməsi, dövlətin isə daha çox valyuta ehtiyatlarını qorumağa üstünlük verməsi ilə bağlı sualı fonunda gündəmə gəlib..

Buna cavab olaraq Məcidov deyib ki, “mən düşünmürəm ki, iqtisadiyyat qurban verilir. Mən hesab edirəm ki, biz transformasiya prosesindəyik“.

Onun sözlərinə görə, uzun illər iqtisadi artımın əsas mənbəyi neft-qaz gəlirlərinin iqtisadiyyata yönəldilməsi olub, lakin həmin model əvvəlki effektivliyini itirib.

“İqtisadiyyat doyduqca, ora əlavə etdiyin hər yeni dolların təsiri azalır… Əgər təsir azalıbsa, deməli, həmin vəsaitlərin iqtisadiyyata daxil olma mexanizmini yenidən nəzərdən keçirmək lazımdır”, – deyə sabiq müşavir bildirib.

Məcidov qeyd edib ki, Azərbaycanın əsas neft-qaz yataqları artıq yetkin mərhələyə çatdığı üçün gəlirlərlə daha ehtiyatlı davranmaq zərurəti yaranıb. Onun fikrincə, iqtisadiyyata əvvəlki kimi böyük həcmdə vəsait yönəltmək əvəzinə, resurslardan daha səmərəli istifadə edilməlidir.

“Artıq sahəni su altında qoymaq yox, damcı suvarma üsuluna keçmək lazımdır ki, ağaclar böyüməyə davam etsin. Məncə, bugünkü iqtisadi modelin arxasında duran məntiq məhz budur”, – deyə o əlavə edib.

Məcidovun sözlərinə görə, növbəti mərhələdə iqtisadiyyatın əsas istiqaməti səmərəliliyin artırılması, lazımsız tənzimləmələrin və bürokratik maneələrin aradan qaldırılması olmalıdır. Onun fikrincə, süni intellekt və rəqəmsal texnologiyalar bu keçidi sürətləndirə bilər.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər