Sakit okeandakı Nauru dövləti adını dəyişib

Dünyanın ən kiçik dövlətlərindən biri olan, Vatikan və Monako ilə birlikdə ilk üçlükdə yer alan Sakit okean ada dövləti Nauru rəsmi olaraq adını Naoero Respublikası olaraq dəyişib. Ada hakimiyyətinin bildirdiyinə görə, bu addım milli kimliyin möhkəmləndirilməsi, “əcdadlarımızın irsinin qorunması və övladlarımızın gələcəyinin gücləndirilməsi” məqsədi daşıyır.

Qeyd edək ki, adanın yerli sakinləri (əhalisi təxminən 12 min nəfərdir) öz ölkələrini həmişə Naoero adlandırıblar. Nauru adı isə orijinal adı tələffüz etməkdə çətinlik çəkən avropalıların təsiri ilə yaranıb. Bu ad 1888-ci ildən, Almaniyanın adanı ilhaq edərək Marşall adalarındakı protektoratına daxil etməsindən sonra rəsmi sənədlərdə istifadə olunmağa başlayıb.

Ölkənin adının dəyişdirilməsi ilə bağlı konstitusiya dəyişikliyi Nauru parlamenti tərəfindən hələ bu ilin mayında qəbul edilmişdi. Bundan sonra məsələ üzrə ümumxalq referendumu keçirilməsi planlaşdırılırdı.

Lakin bu həftə Prezident Devid Adeanq sosial şəbəkələrdə referendumun ləğv edildiyini açıqlayıb. O bildirib ki, xalq Naoero adını onsuz da qəbul edəcək.

“Bu artıq xalqın kimliyidir. Bu ad dövlət gerbində əks olunub, cəmiyyətdə istifadə edilir və ən əsası, konstitusiya ilə buna icazə verilir”, — deyə dövlət başçısı qeyd edib.

Ad dəyişikliyi prosesinin son mərhələsi beynəlxalq təşkilatların və digər ölkələrin rəsmi şəkildə məlumatlandırılması olacaq. Ada hakimiyyətinin bildirdiyinə görə, bu proses artıq başlayıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər