6 C
Baku
Sunday, December 15, 2024

Şalva Papuaşvili: “Gürcüstandakı azərbaycanlılar soyadlarını dəyişə biləcəklər”

Gürcüstanda yaşayan soydaşlarımız öz soyadlarını asanlıqla dəyişə biləcəklər. Bununla əlaqədar Gürcüstanın “Tarixi-mədəni ənənələrə uyğun soyadın dəyişdirilməsi hüququ haqqında” qanuna dəyişiklik ediləcək. Layihə artıq parlamentin bürosuna təqdim olunub.

Banker.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Bolnisidə vətəndaşlarla görüşdə məlumat verib.

Onun sözlərinə görə, layihə ilə əlaqədar artıq parlamentdə ictimai dinləmələr də keçirilir.

Qanuna ediləcək dəyişikliklərdən sonra azərbaycanlılar soyadlarındakı “ov”, “ova”, “yev”, “yeva” sonluqlarını “lı”-“li” və ya istədikləri digər sonluqlarla (Xəlilovu Xəlil, Məmmədovu Məmməd və ya Məmmədli) əvəz edə biləcəklər.

Parlamentin sədri bildirib ki, bu təşəbbüs fəal vətəndaş qrupları tərəfindən xeyli əvvəl irəli sürülüb. Parlament bu təklifləri nəzərə alıb və müvafiq müzakirələr də aparıb.

Qeyd edək ki, soyadların dəyişdirilməsi təşəbbüsü ilə ilk dəfə “Salam” qeyri-hökumət təşkilatı çıxış edib. Təşkilat keçən il “Mənin soyadımı qaytarın” devizi altında kampaniya aparıb və kampaniya çərçivəsində 27 mindən çox dəstək imzası toplayaraq parlamentə təqdim edib.

“Salam” təşkilatının təqdim etdiyi layihədə müəyyən texniki səhvlər olduğu üçün deputatlar məsələnin müzakirəsindən imtina ediblər. Lakin sonradan hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası həmin təşəbbüsə uyğun yeni qanun layihəsi hazırlayaraq parlamentə təqdim edib”, – deyə Ş.Papuaşvili vurğulayıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər