Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294, № 12 (I kitab), maddə 2221; 2018, № 7 (I kitab), maddə 1392; 2019, № 1, maddələr 19, 33, 50, № 5, maddələr 793, 815; Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1596-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda 1.1.2-1-ci, 1.1.2-2-ci və 1.1.3-1-ci maddələr əlavə edilsin:
“1.1.2-1. müştərək sığorta – müştərək sığorta fondu hesabına sığorta ödənişinin verilməsi, risklərin, o cümlədən fondda yaranan gəlir və zərərin bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;
1.1.2-2. müştərək sığorta fondu – fiziki və hüquqi şəxslərin əmlak mənafelərinin müştərək sığorta əsasında sığorta etdirilməsi məqsədilə həmin şəxslərin ödədiyi, habelə dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsaitin məcmusu;”;
“1.1.3-1. müştərək sığortaçı – müstəsna olaraq müştərək sığorta əsasında fəaliyyət göstərmək üçün müvafiq lisenziyaya malik olan sığortaçı;”.
Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2019-cu il.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1618-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 avqust 2019-cu il.