15 C
Baku
Saturday, April 20, 2024

Sığorta marağı və onun əhəmiyyəti

“Maraq olmadan sığorta yoxdur”. Sığorta sisteminin əsas prinsipi məhz belə səslənir. Həqiqətən, hər hansı bir hüquqi munasibətə könüllü şəkildə daxil olmaq üçün tərəflərin marağı olmalıdır, sığorta münasibətlərində isə belə bir maraq “sığorta marağı” adlandırılır.

  1. Sığorta marağının əhəmiyyəti

Sığorta marağı sığorta sisteminin təməli sayılır, onun əsas prinsipini müəyyən edir. Sığorta marağı bütov sığorta institutunun mövcudluğunun, sığorta münasibətlərinin yaranmasının başlıca və ən üstün səbəbidir. Belə demək mümkünsə, hər hansı bir şəxsi sığorta müqaviləsi bağlamağa sövq edən amildir.

  1. “Sığorta marağı” anlayışının hüquqi açıqlaması

Hüquqi anlayış: Sığorta marağı anlayışı Mülki Məcəllənin (Bundan sonra – MM) 50-ci fəslinin 889-cu maddəsində öz əksini tapıb. Belə ki, sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.

Bu, o deməkdir ki, sığorta marağı sığorta etdirənin “mən bu əmlakı (həyatı, məsuliyyəti və s.) niyə sığorta etdirirəm” sualına cavab vermiş olur. Başqa sözlə, şəxsin sığorta münasibətlərinə daxil olmağa vadar edən iqtisadi tələbatdır. Sığorta marağı sığorta fəaliyyətinin bütün kateqoriyalarını ümumiləşdirən komponentdir. Başqa formalarda həyata keçsə də, bütün sığorta münasibətlərinin yaranma səbəbi sığortalıda (yəni, sığorta etdirəndə) sığorta marağının mövcud olmasıdır. Misal üçün, əmlak sığortasında sığorta marağı sığortalanmış əmlakın reallaşması nəticəsində sığorta etdirənin itkilərinin qarşısının alınmasıdır.

  1. Sığorta marağı nə ilə tanınır (əlaqələnir) ?

Sığortalı ilə sığorta predmeti (əmlak və s.) arasında əlaqə olmalı və bu cür əlaqə qanunla tanınmalıdır. Yəni, sığorta predmetinə zərər dəydikdə sığortalının maddi itkiləri olacağı ehtimal edilir. Sığorta marağının movcudluğu qanunvericiliklə və ya qanunvericiliyə uyğun olaraq bağlanmış mülki-hüquqi müqavilə ilə tanınır.  Bu, nə deməkdir? Şəxsin sığorta marağının bir hüquqi əsası, digər sözlə desək, sübutu olmalıdır. Əmlaka aid alqı-satqı, bağışlama, kirayə, saxlama müqavilələri, vərəsəlik hüququ və s. sığorta marağının olmasının hüquqi əsasıdır (sübutudur).

Sığortalı ilə sığorta predmeti arasında bu cür tanınan hüquqi əlaqə yoxdursa, sığorta marağının movcud olmadığı hesab edilir. Sığorta marağı yoxdursa, sığorta müqaviləsi də etibarsızdır.

  1. Sığortalıda sığorta marağının olub-olmaması sığorta müqaviləsinə nə kimi təsir göstərə bilər?

Sığorta marağı sığorta müqaviləsinin tərkib hissəsidir. Başqa sözlə desək, sığorta müqaviləsinin bağlanması üçün ən başlıca şərt sığortalıda sığorta marağının mövcud olmasıdır. Sığorta marağı olmadan bağlanan sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Əgər sənin sığorta obyekti ilə bağlı maddi mənafeyin yoxdursa, sığorta müqaviləsi bağlamaqda da heç bir marağın ola bilməz.

  1. Sığorta marağı itərsə…

Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta marağı itərsə sığorta müqaviləsinə xitam verilməlidir.

Əgər sığorta müqaviləsi bağlanandan bir müddətdən sonra sığortalı ilə sığortalanan əmlak arasında sözügedən bağ itərsə, sığorta marağı da itmiş hesab olunur. Misal olaraq, yuxarıda qeyd olunduğu kimi, əşyaya dair mülkiyyət, sahiblik, istifadə və s. hüquqların itirilməsi eyni zamanda sığorta marağının itirilməsi hesab oluna bilər. Belə olan halda, sığorta müqaviləsinə xitam verilir. MM-nin 919-cu maddəsində də sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsinin ən başlıca səbəbləri kimi sığorta marağının mövcud olmaması və yaxud sonradan itirilməsi göstərilir.

  1. Sığorta hadisəsi baş verdiyi anda sığorta marağı mövcud deyilsə, sığorta hadisəsi üzrə ödəniş məsələləri necə həll olunur?

Sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağı movcud olmadıqda həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta odənişi üzrə vəzifələrinin icrasından azad edilir. (MM – 889.7) Başqa sözlə desək, sığorta marağı yoxdursa, hadisə üzrə sığorta ödənişi də yoxdur.

  1. Sığorta marağının qanuniliyi

Sığorta marağı qanuni olmalıdır. Qanunazidd mənafelər, həmçinin qanuni, lakin sığortalanması qadağan olunan mənafelər, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və digər qanunlarda nəzərdə tutulmuş cərimələr, habelə oyunlarda, mərclərdə, lotereyalarda iştirakla bağlı mənafelər sığorta obyekti ola bilməz. (MM-886.2) Qanunazidd mənafelərin sığorta olunması sığorta müqaviləsini bütövlükdə etibarsız edir.

Təcrübədən misal çəkək

Məmmədov Məmməd (şərti olaraq) öz avtomobilini könüllü sığorta müqaviləsi ilə 2014-cü ildə sığorta etdirmişdir. 2015-ci ildə Məmmədov rəsmi olaraq “generalnıy” adlanan etibarnamə ilə sığortalanmış avtomobilini C.Cəfərova (şərti olaraq) vermiş, faktiki olaraq isə avtomobili ona satmışdır. Bir müddətdən sonra yol-nəqliyyat hadisəsi baş verir və Məmmədov sığortaçı şirkətə müraciət edərək avtomobilə dəymiş ziyanın aradan qaldırılmasını tələb edir, lakin sığortaçı sığorta ödənişini verməkdən imtina edir.

Niyə?

Birincisi, sığortalanmış əmlak özgəninkiləşərsə, sığortaçının bu barədə məlumatı və yazılı razılığı olmalıdır. Əgər bu qaydaya riayət olunmayıbsa, müqaviləyə xitam verilir.

İkincisi, (bu kontekstdə ən vacibi) Məmmədov faktiki olaraq öz avtomobilini digər şəxsə satıb, yəni avtomobil onun mülkiyyətindən çıxıb. Belə olan halda Məmmədov sığortaladığı əmlakla (bizim misalda – avtomobil) olan hüquqi əlaqəsini itirmiş olur və əmlakın zərərə uğraması artıq Məmmədovu maddi ziyana salmır. Qeyd olunan iki amil – (şəxsin sığortalanmış əmlak ilə hüquqi bağının itirməsi və əmlakın gələcək taleyinin Məmmədovu maddi olaraq maraqlandırmaması) isə, öz növbəsində, sığorta marağının artıq mövcud olmadığını göstərir. Avtomobili sığorta etdirərkən Məmmədovun sığorta marağı mövcud idi, və bu, sığorta müqaviləsini qanuni edirdi. Lakin sonradan sığortalı Məmmədov əmlakını satır və həmin əmlaka dəymiş ziyan artıq onun maddi durumuna təsir göstərə bilməz. Nəticədə sığorta marağı itmiş hesab olunur. Yuxarıda da qeyd olunduğu kimi, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta marağı itərsə, sığorta müqaviləsinə xitam verilməlidir. Beləliklə, təsvir etdiyimiz kazusda heç bir sığorta ödənişinin verilməsindən söhbət gedə bilməz, əksinə sığorta müqaviləsinə xitam verilməli və sığorta müqaviləsinin xitamı ilə bağlı müddəalar tətbiq olunmalıdır.

Müəllif: Əkbərova Leyla Mikayıl qızı, hüquqşünas

Son xəbərlər
Digər xəbərlər