9 C
Baku
Friday, December 13, 2024

Snapchat IPO həyata keçirməyi planlaşdırır

Yeniyetmələrin sevimli messenceri olan Snapchat-ın sahibi olan Snap Inc. şirkəti səhmlərinin ilkin yerləşdirilməsi (IPO) üzrə konfidensial ərizə təqdim edib. Şirkət birjadan 4 milyard dollar cəlb etmək niyyətindədir. Şirkət ərizəsini konfidensial şəkildə təqdim edib, bu isə maliyyə hesabatını dərhal olaraq elan etməməyə imkan verir. Lakin bu formada təqdim etmə üsulu yalnız illik mənfəət 1 milyard dolları geridə qoymadığı halda mümkündür. Bloomberg agentliyinin verdiyi məlumata görə, şirkətin IPO-su artıq növbəti ilin ilk rübündə baş tutmalıdır.

Snapchat 2012-ci ildən fəaliyyət göstərməyə başlayıb və bu tətbiqetmə istifadəçilərə göndərildikdən bir neçə saniyə özü silinən şəkillər göndərməyə imkan verir. Şirkət bu 4 il ərzində təqribən 150 milyon fəal istifadəçi qazana bilib. Bu istifadəçilərin 60%-i 13 yaşdan 24 yaşa qədər olan gənclərdir.

TechCrunch-ın verdiyi məlumata görə, Snap Inc. 2017-ci ildə mənfəətini 1 milyard dollara çatdırmaq niyyətindədir. Cari ildə bu göstərici 250-250 milyon dollar təşkil etməlidir. Şirkətin əsas rəqiblərindən biri olan Facebook sosial şəbəkəsi isə istifadəçilər üçün nəzərdə tutulmuş reklam yükündə maksimum həddə çatdığını elan edib ki, bu da şirkətin reklam gəlirlərini ləngidəcək.

Snap şirkətinin CEO-su Evan Şpigel 3 il əvvəl Mark Tsugerbergin şirkəti 3 milyard dollara almaq barədə təklifini rədd etdikdən sonra iki şirkət arasında yeniyetmələrin rəğbətini qazanmaq uğrunda müharibə davam edir. Birjaya çıxış Şpigelin şirkətinə tez əldə edilən uğurları kapitallaşdırmaq və investorları razı salmaq imkanı verəcək. Qeyd edək ki, KPCB, General Catalyst, Sequoia Capital, T.Rowe Price və Google CapitalG fondu şirkətin investorları sırasındadır.

Snap Inc. şirkəti bu yaxınlarda yalnızca sosial media şirkəti olmaqdan çıxaraq, şəxsi hardware—məhsullarını satmağa başladı. Sentyabr ayının sonunda elan edilən kameralı Spectacles eynəkləri artıq dünyanın müxtəlif yerlərində vendinq avtomatlarında satılmağa başlayıb.

Son xəbərlər
Digər xəbərlər