10 C
Baku
Wednesday, December 11, 2024

SOCAR: “Daşgil-2” terminalının tikintisi 2025-ci ildə tamamlanacaq

Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid-Babək” qaz-kondensat blokundan hasil olunacaq qaz və kondensatın ilkin emalını həyata keçirəcək “Daşgil-2” terminalının tikintisi 2025-ci ilin dördüncü rübündə tamamlanacaq.

Bu barədə SOCAR-dan bildirilib.

Verilən məlumata görə, layihə çərçivəsində mühəndislik işlərinin “FEED” (ilkin layihələndirmə – red.) mərhələsi artıq tamamlanıb, işlər hazırda detallı layihələndirmə mərhələsindədir.

Qeyd olunub ki, satınalmalar davam edir və bir sıra avadanlıqlar üçün tamamlanıb. Tikinti baxımından, ilkin torpaqlama işləri tamamlanıb, o cümlədən müvəqqəti yollar, binalar və şəhərcik salınıb, hasarlama aparılıb.

“Əsas tikinti üçün sahəyə mobilizasiya işlərinə başlanılmışdır. Terminalın tikintisinin 2025-ci ilin 4-cü rübündə tamamlanması nəzərdə tutulur”, – məlumatda vurğulanıb.

Bununla yanaşı, “Umid-1” platformasından “Daşgil-2” terminalına dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan 56 km uzunluğunda 500 mm-lik nəql xəttinin tikintisi çərçivəsində sualtı avadanlıqların (əks klapan və Y-tipli birləşmə) metalkonstruksiya işləri artıq tamamlanıb, cari ilin may ayında dəniz dibinə buraxılması planlaşdırılır. Bunun üçün “Qurban Abbasov” kran-gəmisinin mobilizasiyası aparılır. Dəniz dibinin dərinləşdirmə işləri və sahilə çıxışda xəndəyin qazılması tamamlanıb. Bəndin (damba) tikinti işləri tamamlandırılıb, avadanlıq sahəyə mobilizasiya olunub.

“Sahilə yaxın yerdə, borudüzən gəmisinin lövbərlərinin atılması əməliyyatı aparılıb. “İsrafil Hüseynov” borudüzən gəmisinin mobilizasiyası tamamlanıb, gəmi ilk nöqtəsinə yaxınlaşıb, nəql xəttinin tikintisinə uğurla başlanılıb”, – SOCAR-dan bildirilib.

Qeyd edək ki, qarşıdakı dövrdə “Ümid” yatağında daha bir platformanın (“Ümid-2”) tikilib quraşdırılması, yaxınlıqdakı “Babək” strukturunda kəşfiyyat-qazma işlərinin aparılması planlaşdırılıb. “Ümid-Babək” blokundan hasil olunacaq qaz və kondensat çıxarılan məhsul terminala sualtı boru xətti vasitəsilə çatdırılacaq. “Daşgil-2” terminalının gündəlik ötürücülük gücü 24 mln. kubmetr olacaq.

Xatırladaq ki, “Ümid” yatağı 2010-cu ildə kəşf edilib. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. “Ümid” yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib. 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər