7 C
Baku
Thursday, December 12, 2024

SOCAR-dan işçilərin sayının azalması ilə bağlı – RƏSMİ AÇIQLAMA

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) istehsal gücünün artırılması, “Avro-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən məlumat verilib.

“Qeyd edilməlidir ki, əsaslı təmir işləri bitdikdən sonra layihə çərçivəsində tikintisi bitmiş qurğuların baş podratçılar tərəfindən planlı şəkildə istismara buraxılması həyata keçirilir. Bununla əlaqədar, layihəyə cəlb edilmiş tikinti şirkətlərinin iş həcmində azalmalar başlamışdır. Bu isə öz növbəsində tikinti şirkətləri tərəfindən layihəyə cəlb edilmiş işçi heyətinin zamanla azalması ilə müşahidə olunur.

Qeyd olunmalıdır ki, bu cür layihələrdə podratçılar və tikinti şirkətləri tərəfindən cəlb edilən işçi qüvvəsi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən müddətli əmək müqavilələri imzalanır. Belə ki, işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda müddətli əmək müqaviləsi imzalana bilər. Müddətli əmək müqavilələrinin şərt və müddəalarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən müddət bitdikdə layihəyə cəlb olunmuş işçi qüvvəsinin azalması baş verir.

SOCAR olaraq bildirmək istərdik ki, tikinti şirkətləri ilə onların sabiq işçiləri arasında olan münasibətlər mövcud qanunvericiliyə əsasən SOCAR-ın və onun istənilən törəmə müəssisəsinin məsuliyyət dairəsinə aid deyildir. Eyni zamanda bu kimi halların olmaması və aradan qaldırılması üçün SOCAR tərəfindən qanunvericilik çərçivəsində müəyyən işlər görülür.

Son olaraq vurğulamaq istərdik ki, modernizasiya layihəsinin icra qrafikinə uyğun olaraq hazırda zavodda icra olunan əsaslı təmir işləri tamamlandıqdan sonra, 2022-ci ilin ortalarından etibarən ölkədə ilk öncə “Avro 5” dizel istehsalının, daha sonra digər yeni qurğuların mütəmadi olaraq istismara verilməsi nəticəsinə 2023-cü ilin ortalarından etibarən “Avro 5″ benzin istehsalının təmin olunması planlaşdırılır”, – məlumatda deyilir.

 

 

Son xəbərlər
Digər xəbərlər