7 C
Baku
Thursday, December 12, 2024

“S&P”: “Azərbaycan banklarında vaxtı keçmiş kreditlər artacaq”

2023-cü ildə Azərbaycan banklarının ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin payı mülayim şəkildə 3,5-4 %-ə qədər artacaq.

Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında deyilir.

“Azərbaycanın bank sistemi ümumilikdə sabitdir, vaxtı keçmiş kreditlərin payı isə 2022-ci ilin sonunda 2,9 % olub”, – agentlik qeyd edir.

Bununla belə, S&P analitiklərinin fikrincə, maliyyə sektoru kiçik olaraq qalır, ümumi aktivlər ÜDM-in 50 %-dən azdır və bu, dövlət üçün şərti öhdəliklərin mümkün risklərini məhdudlaşdırır.

“Bununla belə, Azərbaycanın bank sistemi qalmaqda olan bir sıra struktur zəifliyi, o cümlədən son dövrlərdəki azalmaya baxmayaraq, depozitlərin dollarlaşmasının hələ də yüksək səviyyədə olması; beynəlxalq kontekstdə zəif idarəetmə və şəffaflıq; kreditləşmə və anderraytinq standartlarının yumşaldılması ilə xarakterizə olunur”, – agentlik vurğulayıb.

Azərbaycanda 24 bank fəaliyyət göstərir. Hökumət “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin səhmlərinin nəzarət paketinə sahibdir və 2017-ci ildə onun borcunun bir hissəsini öz üzərinə götürərək bankı restrukturizasiya edib. Hökumət həmçinin balans dəyəri təxminən 10 milyard manat olan vaxtı keçmiş ABB kreditlərini dövlətə məxsus “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT) ötürüb.

“Azərbaycan Mərkəzi Bankının “Aqrarkredit”ə verdiyi kreditlər dövlət zəmanəti ilə verilir. Beləliklə, biz “Aqrarkredit”ə 9,5 milyard manat məbləğində dövlət zəmanəti ilə verilmiş kreditləri ümumi dövlət borcuna daxil edirik”, – hesabatda bildirilir.

Son xəbərlər
Digər xəbərlər