-3 C
Baku
Sunday, December 15, 2024

“S&P”: Azərbaycanın mühüm fiskal buferləri pandemiya şoklarını yumşaldır

Azərbaycan, Rusiya, Qazaxıstan kimi suveren fondları olan ölkələrin COVID-19 pandemiyasının yaratdığı iqtisadi şoklardan müdafiə olunması üçün mühüm fiskal buferləri var və sözügedən “yastıq” mənfi təsirləri kifayət qədər azaldıb.

Bu barədə “S&P”nin analitikləri tərəfindən MDB regionu üzrə apardığı təhlilin nəticələrində deyilir.

Mütəxəssislərin fikrincə, 2020-ci ildə MDB ölkələrinin (Gürcüstan və Ukrayna daxil) mərkəzi bankları ilk dəfə olaraq kontrtsiklik siyasəti tətbiq ediblər və nəticədə, bu, COVID-19 pandemiyası reallığına adaptasiyasında öz töhfəsini verib.

Sözügedən ölkələrin fiskal siyasətlərinə toxunan ekspertlər qeyd edib ki, Azərbaycan, Rusiya və Qazaxıstan kimi suveren fondları olan ölkələrin şoklardan müdafiəsi üçün mühüm buferləri var və nəticə etibarilə bu ölkələrdə borcun ÜDM-ə nisbəti 2023-cü il üçün stabilləşəcək. Lakin digər sarsıntılar halında əlavə stimullaşdırıcı tədbirlər tələb oluna bilər .

“S&P”nin hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ildə valyuta ehtiyatlarının həcmi təxminən dördaylıq idxalı ödəmək üçün kifayət edəcək. Bu, yüksək göstərici sayılmasa da (Tacikistan, Qazaxıstan, Özbəkistan kimi ölkələrdə bu göstərici daha yüksəkdir), Azərbaycan və Qazaxıstan üzrə reallığı əks etdirmir. Belə ki, hər iki ölkənin əsas strateji valyuta ehtiyatları suveren fondlarda saxlanılır (Azərbaycanda – Neft Fondu, Qazaxıstanda – Milli Fondu). Agentlik isə yalnız mərkəzi bankların ehtiyatlarını hesablayıb.

MDB-də vaksinasiya məsələsinə gəldikdə, agentliyin əldə etdiyi sorğuların nəticələrinə əsasən, region ölkələrindən yalnız Ukraynada əhalinin yarısından çoxu vaksinasiyaya müsbət yanaşır (55%). Analitiklər bildirir ki, iqtisadiyyatın bərpası vaksinasiya proqramlarından da asılı olacaq və hazırda sözügedən proseslər hətta öz vaksinini istehsal edən Rusiyada da logistika və istehsal problemlərinə görə məhdud sürətlə gedir.

Xatırladaq ki, yanvarın 29-da faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov bildirib ki, Azərbaycanın strateji valyuta ehtiyatları yanvarda 0,3% artaraq 51,4 mlrd. ABŞ dollarına çatıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər