9 C
Baku
Friday, December 13, 2024

Strateji, fövqəladə və səfərbərlik ehtiyatlarının formalaşdırılması qaydası məlum olub

Strateji, fövqəladə və səfərbərlik ehtiyatlarının formalaşdırılması qaydası məlum olub.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət ehtiyatları haqqında” qanun layihəsində (birinci oxunuş) əksini tapıb.

 

Layihəyə əsasən, strateji ehtiyatlar üçün malların tədarükünü sifarişçi qismində dövlət ehtiyatları üzrə məsul orqan həyata keçirəcək. Fövqəladə ehtiyatlar üçün malların tədarükünü sifarişçi qismində Azərbaycan Respublikasının mülki müdafiə sahəsində normativ hüquqi aktları ilə vəzifələri müəyyən edilən dövlət ehtiyatları üzrə məsul orqan, dövlət qurumları və hüquqi şəxslər, səfərbərlik ehtiyatları üçün malların tədarükünü isə sifarişçi qismində Azərbaycan Respublikasının səfərbərlik hazırlığı sahəsində normativ hüquqi aktları ilə vəzifələri müəyyən edilən dövlət qurumları və hüquqi şəxslər həyata keçirirlər.

Dövlət ehtiyatları üçün malların tədarükü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.

Dövlət ehtiyatlarına aid olan mallar daşıyıcı olan dövlətə məxsus hüquqi şəxslər tərəfindən, fövqəladə hadisələr və səfərbərlik zamanı isə həmin daşıyıcılarla yanaşı, digər daşıyıcılar tərəfindən növbədənkənar daşınır.

Dövlət ehtiyatlarına tədarük olunan texniki tənzimləmənin şamil olunduğu mallar texniki normativ hüquqi aktların tələblərinə cavab verməli, habelə həmin tələblərə cavab verməsini təsdiq edən müvafiq uyğunluq sertifikatlarına və ya uyğunluq bəyannamələrinə malik olmalıdırlar.

Layihəyə əsasən, strateji ehtiyatlar dövlət ehtiyatları üzrə məsul orqan, habelə məsul saxlayıcılar tərəfindən yerləşdirilir və saxlanılır. Strateji ehtiyatlar məsul saxlayıcı qismində çıxış edən fiziki və hüquqi şəxslərlə dövlət ehtiyatları üzrə məsul orqan arasında bağlanılmış müqavilə əsasında saxlanılır.

Strateji ehtiyatların saxlanıldığı yerlərin (anbarların) mülkiyyətçisi dəyişdikdə yeni mülkiyyətçi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə riayət edilməklə 12 ay ərzində strateji ehtiyatların saxlanılmasını təmin etməlidir. Bu halda dövlət ehtiyatları üzrə məsul orqanla əvvəlki mülkiyyətçi arasında bağlanılmış müqavilənin şərtləri yeni mülkiyyətçiyə şamil edilir.

Fövqəladə və səfərbərlik ehtiyatları bu qanunda nəzərdə tutulmuş sifarişçilər tərəfindən yerləşdirilir və saxlanılır.

Dövlət ehtiyatlarının yerləşdirilməsi və saxlanılması məsul saxlayıcılar tərəfindən “Dövlət sirri haqqında” qanun qanunu ilə müəyyən edilmiş qaydada məxfilik rejiminə riayət olunmaqla həyata keçirilir.

Dövlət ehtiyatlarına yerləşdirilən malların saxlanılma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər