6 C
Baku
Sunday, December 15, 2024

Şuşaya alternativ mənbədən su verilməsinə başlanılıb

“Azərsu” ASC Şuşa şəhərinə alternativ mənbəndən suyun verilməsinə başlayıb.

Bu barədə “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, Şuşa rayonunun Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd tikilib. Mürəkkəb relyefdə çayın qarşısında bəndin inşası ilə paralel burada toplanan suyun şəhərə nəqli məqsədilə yüksək təzyiqə hesablanmış müasir nasos stansiyası və polad borularla 2,6 km uzunluğunda kəmər inşa edilib. Artıq nasos stansiyası işə salınıb və mənbədən götürülən su Şuşa şəhərindəki mövcud anbarlara qaldırılaraq buradan şəhər şəbəkəsinə ötürülür.

Nasos stansiyasında hər birinin məhsuldarlığı saatda 105 kubmetr təşkil edən 4 ədəd aqreqat quraşdırılıb. Hazırda şəhərin tələbatına uyğun olaraq 2 aqreqat istismar olunur. Sutoplayıcı bənddən götürülən su nasoslar vasitəsilə 26-27 atmosfer təzyiqlə Şuşa şəhərində yerləşən anbarlara nəql olunur və buradan özüaxımlı rejimdə şəbəkəyə ötürülür. Bununla da şəhərdəki obyektlər, hotellər və digər ictimai-iaşə müəssisələri, yaşayış olan evlər və dövlət qurumlarının inzibati binaları 24 saat içməli su ilə təmin edilir.

Şuşa şəhərinin içməli su mənbələri olan Kiçik Kirs və Zarıslı mənbələrində qış və yay aylarında məhsuldarlığın azalması müşahidə olunur. Yeni yaradılmış alternativ mənbə həmin dövrlərdə şəhərin içməli su təchizatının fasiləsiz rejimdə aparılmasına hesablanıb.

Xatırladaq ki, Şuşa şəhəri işğaldan azad olunan zaman şəhəri içməli su ilə təmin edən magistral su kəmərləri məqsədli şəkildə sıradan çıxarılmışdı. Kiçik Kirs-Şuşa və Zarıslı-Şuşa magistral su kəmərlərinin qəzalı hissələri qısa müddətdə bərpa edilib, 2020-ci il noyabrın 25-də Kiçik Kirs, dekabrın 20-də isə Zarıslı mənbəyindən şəhərə suyun verilməsi təmin olunub, şəhərdaxili şəbəkədə tənzimləmə işləri aparılıb. “Azərsu” Şuşa şəhərində, Kəlbəcər, Laçın, Zəngilan rayonlarında və Hadrut qəsəbəsində fasiləsiz xidmət təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər