Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun statusunun dəqiqləşdirilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Dövlət borcu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının dövlət borcuna xidmət xərclərinin müvafiq büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulandan artıq olan hissəsinin və dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondu Təminat Fondu yaradılır.
Qeyd edək ki, hazırda Təminat Fondu Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində məqsədli büdcə fonddur.
Eyni zamanda layihəyə təklif edilən dəyişikliyə əsasən, dövlət borcunun əsas məbləğinin qaytarılması üzrə ödənişlər cari büdcə ili ərzində cəlb edilən dövlət borcalması hesabına təmin edildikdə, bu ödənişlərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsi dövlət büdcəsinin xərclərinə aid edilməyəcək.
Təminat Fondunun xərclərinin yuxarı həddi həmin fondun büdcə ilinin əvvəlinə olan qalığından və il ərzində mədaxil olunacaq vəsaitin cəmindən yuxarı ola bilməz.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.