12 C
Baku
Friday, March 29, 2024

Tacikistan Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Noyabrın 3-də Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov etimadnaməsini bu ölkənin Prezidenti Emoməli Rəhmona təqdim edib.

Azərbaycanın Tacikistandakı səfirliyindən  verilən məlumata görə, təqdimetmə mərasimindən sonra keçirilən görüşdə səfir Əlimirzamin Əskərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona çatdırıb.

Səfiri təyinatı münasibətilə təbrik edən Tacikistan Prezidenti Emoməli Rəhmon, Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirib və onun da səmimi salamlarını və yüksək ehtiramını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Prezident Emoməli Rəhmon ölkələrimiz arasında qarşılıqlı anlaşma, hörmət və etimad prinsiplərinə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini və hər gün daha da səmərəli olduğunu qeyd edib, Tacikistan Respublikasının iki ölkə arasında dostluq münasibətlərin və konstruktiv əməkdaşlığın ardıcıl olaraq dərinləşməsində və genişlənməsində daim maraqlı olduğunu vurğulayıb.

Görüşdən sonra yerli media nümayəndələrinə müsahibə verən Ə.Əskərov Tacikistanda səfir kimi təyin olunmasından və rəsmi fəaliyyətə başlamasından şərəf hissi duyduğunu bildirərək, iki dost ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Gələn il Azərbaycan ilə Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağını deyən səfir ikitərəfli dostluq münasibətlərimizin əsasının ümummilli lider Heydər Əliyev və Prezident Emoməli Rəhmon tərəfindən qoyulduğunu bildirib, Azərbaycan və Tacikistan arasındakı münasibətlərin cari vəziyyətinin yüksək olmasında hər iki ölkə Prezidentinin rolunu xüsusi qeyd edib.

Görüşdə həmçinin, yüksək səviyyəli siyasi münasibətlərə uyğun olaraq, bütün sahələrdə, xüsusilə iqtisadi-ticarət sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər