“Tesla”nın rüblük hesabat konfransında şirkətin baş icraçı direktoru İlon Mask 2021-ci ildə istehsal həcmlərinin artması ilə bağlı proqnozunu dəyişdirməyib – o, hələ də istehsalı 1.5 dəfə artırmağı planlaşdırır. Rübün sonuna hələ 2 ay var, “Tesla”nın istehsal proqramı isə artıq paylanılıb.
Bildirildiyi kimi, keçən rübdə “Tesla” 180 338 elektrikli avtomobil istehsal edib. Formal olaraq bütün avtomobillər artıq satılıb, çünki onların hər birini kimsə öncədən sifariş verib. Keçən rübdə “Tesla” nisbətən daha baha qiymətə olan “Model S” və “Model X” istehsal etməyib. Bu rübdə yenilənmiş “Tesla Model S” modelinin tədarükü davam edəcək, lakin satışların böyük hissəsi yenə də “Tesla Model 3” və “Model Y” avtomobillərinin payına düşəcək.
Ümumiyyətlə, elektrikli nəqliyyat vasitələrinə olan tələb sabit sürətlə artır və “Tesla”nın məhsulları istisna deyil. İlon Mask müştərinin sədaqətinə və məhsullarının cəlbediciliyinə o qədər əmindir ki, son çıxışında “Tesla Model Y” modelinin 2022-ci ildə ən populyar avtomobilə çevriləcəyini bildirib. Mütəxəssislər “Tesla”nın istehsal imkanlarının onun bu hədəfinə mane ola biləcəyini qeyd edirlər.