“OpenAI” çip istehsalçısı “Cerebras”a növbəti üç il ərzində onun məhsulları əsasında qurulmuş serverlərdən istifadə üçün 20 milyard dollardan çox vəsait ödəməyə razılaşıb. Bu barədə müzakirələrdən xəbərdar mənbələrə istinadən “The Information” yazır.
Bu məbləğ əvvəllər bildiriləndən iki dəfə çoxdur: yanvarda “OpenAI” “Cerebras”dan üç il ərzində 10 milyard dollardan çox dəyərində 750 meqavatadək hesablama gücü almağa razılaşmışdı. “The Information”un məlumatına görə, razılaşma çərçivəsində “OpenAI” “Cerebras”da minoritar pay almaq üçün varrantlar əldə edəcək və bu pay şirkətin Sİ xərclərinin artması ilə genişlənə bilər. Bundan əlavə, “OpenAI” “Cerebras”a şirkətin Sİ məhsullarına xidmət göstərəcək məlumat mərkəzlərinin tikintisinin maliyyələşdirilməsi üçün təxminən 1 milyard dollar ayırmağa razılaşıb.
“The Information” yazır ki, “Cerebras” aprelin 17-də “OpenAI” ilə razılaşmanın detallarını açıqlaya bilər. “Reuters” isə bu məlumatı müstəqil şəkildə təsdiqləyə bilmədiyini bildirib.
“Cerebras” özünü hazırda Sİ çiplərinin ən böyük istehsalçısı olan “Nvidia”nın rəqibi kimi təqdim edir. Şirkət ABŞ-də IPO keçirməyi planlaşdırsa da, milli təhlükəsizlik baxımından ABŞ-nin Xarici İnvestisiyalar üzrə Komitəsinin (CFIUS) yoxlaması səbəbindən bunu təxirə salıb. Komitənin diqqətini bulud texnologiyaları və süni intellekt sahəsində fəaliyyət göstərən, eyni zamanda “Cerebras”ın ən böyük müştərisi olan BƏƏ şirkəti G42-nin investisiyaları cəlb edib. “Reuters”in yazdığına görə, ABŞ hakimiyyəti G42-nin Çinlə əlaqələrindən şübhələnirdi.





