Səhiyyə Nazirliyi tərəfindən koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə sentyabr ayı üzrə müddətli əlavələr ödənilib.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
“Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarına dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2020-ci il tarixli 202 nömrəli qərarına əsasən sentyabr ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.
Belə ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1220 tibb işçisinə 850 min manat məbləğində müddətli əlavə ödənilib.
Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr yeni növ koronavirus infeksiyası ilə mübarizəyə cəlb edilmiş iş vaxtına mütənasib olaraq ödənilib.