Azərbaycan və Qazaxıstan Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi layihəsi çərçivəsində sazlama işləri aparır, onun istismara verilməsi isə bu ilin IV rübünə planlaşdırılır.
Bu barədə agentliyin rəsmi sorğusuna cavab olaraq ölkənin Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin Telekommunikasiya Komitəsi bildirib.
Qurumdan vurğulanıb ki, layihə yekun mərhələyə çatıb. Ən zəhmətli və əsas mərhələ – kabelin Xəzər dənizinin dibi ilə çəkilməsi artıq başa çatıb. Hazırda mütəxəssislər avadanlıqların tənzimlənməsi və sazlama işlərini həyata keçirirlər.
Komitədən qeyd edilib ki, Transxəzər Fiber-Optik Kabel Xətti Qazaxıstan və Azərbaycan arasında əlavə beynəlxalq rəqəmsal marşrut yaradacaq, Avropa ilə Asiya arasında tranzit telekommunikasiya infrastrukturunun inkişafının mühüm elementinə çevriləcək. Bundan əlavə, rəqəmsal dəhlizin gələcəkdə daha da genişləndirilməsi və Mərkəzi Asiyanın digər ölkələrinin ona qoşulması imkanları nəzərdən keçirilir.
Bununla yanaşı, qurumdan bildirilib ki, Transxəzər Fiber-Optik Kabel Xəttinə qoşulma məsələsi üzrə Türkmənistan və ya regionun digər dövlətləri ilə konkret danışıqlar barədə məlumat müvafiq məsləhətləşmələr və razılaşdırmalar başa çatana qədər hələ ki açıqlana bilməz.






