“Turanbank” 2020-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Bank 2020-ci ili 684 min manat xalis mənfəətlə başa vurub. 2019-cu ilin müvafiq dövründə isə bankın xalis mənfəəti 416 min manat olub. Belə ki, 2020-ci ildə “Turanbank”ın xalis mənfəəti 64.4% və ya 1.6 dəfə artıb.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
FAİZ GƏLİRLƏRİ ARTIB, FAİZ XƏRCLƏRİ AZALIB
2020-ci ildə “Turanbank”ın faiz gəlirləri 36 206 min manat (3.7% çox), qeyri-faiz gəlirləri 4 122 min manat (8.6% çox), faiz xərcləri 22 586 min manat (1.3% az), qeyri-faiz xərcləri 16 641 min (13% çox) manat olub.
BANK BÖYÜYÜB
2020-ci il tarixində “Turanbank” 551 736 min manat aktivlərə malik olub ki, bu da illik müqayisədə bankın aktivlərinin 12.7% artması deməkdir. Bunun 351 239 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli ötən il 2% artıb.
BİZNES VƏ DAŞINMAZ ƏMLAK KREDİTLƏRİ PORTFELİ ARTIB
“Turanbank”ın biznes kreditləri portfeli 2 166 min manat artaraq 240 377 min manata, istehlak kreditləri 8 591 min manat azalaraq 49 005 min manat, daşınmaz əmlak kreditləri isə 12 364 min manat artaraq 61 857 min manata çatıb.
DEPOZİT PORTFELİ BÖYÜYÜB
2020-ci ildə bankın cəmi öhdəlikləri 471 300 min manat olub ki, bu da 2019-cu ilin sonuna nisbətən 56 543 min manat və yaxud 14% artmasıdır. Bankın depozit portfeli isə 280 232 min manat təşkil edib ki, bunun 213 897 min manatı fiziki şəxslərin depozitləri, 66 335 min manatı isə hüquqi şəxslərin depozitləri olub. Beləliklə, “Turanbank”ın depozit portfeli 42 140 min manat və yaxud 18% artıb.
KAPİTALI ARTIB
Ötən il “Turanbank” 80 435 min manat cəmi kapitala malik olub. Bank 2019-cu ilin sonunda 74 781 min manat kapitala malik idi. Belə ki, “Turanbank”ın kapitalı 8% artıb.
Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 70 milyon manatdır. Bankın səhmlərinin 57,8%-i 20 fiziki şəxsə, 42,2%-i isə 8 hüquqi şəxsə məxsusdur.