“Qazprom” “Türk axını” layihəsinin tikintisi üçün “South Stream Transport B.V” 310 milyon avro dəyərində kredit ayırıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Qazprom” “Türk axını”ın inşasına 2017-ci ilin ikinci yarısında başlayacaq.
“Qazprom” tərəfindən ayrılan vəsait “South Stream Transport B.V.” tərəfindən “Türk axını” layihəsinin xərclərinin maliyyələşdirilməsinə sərf ediləcək. Bu vəsait boru məhsulları və avadanlıqlarının tədarükü, inşaat-montaj işlərinin görülməsi, həmçinin digər məhsul, mal və xidmətlərin alınması və ümumi inzibati xərclər üçün ödənişlərin həyata keçirilməsinə xərclənəcək.
Qeyd edək ki, “Türk axını” layihəsi Rusiya rəhbərliyi tərəfindən 2014-cü ilin dekabr ayında “Cənub axını” layihəsinin əvəzi qismində elan olunub. Layihə Qara dənizin dibi ilə Türkiyənin Avropa hissəsindən Yunanıstan sərhədlərinə qədər uzanacaq.
Layihənin ümumi dəyəri 11,4 mlrd. avrodur. Layihənin işə düşməsindən Ukrayna 700 milyon dollar itirir.